24 il birgə yaşadığı qadını bıçaqlayan şəxs: <span style="color:red;">"Əkənimin-doğanımın söyülməsindən bezmişdim"
20 oktyabr 2015 14:48 (UTC +04:00)

24 il birgə yaşadığı qadını bıçaqlayan şəxs: "Əkənimin-doğanımın söyülməsindən bezmişdim"

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlamaqda təqsirləndirilən və əvvəllər də məhkumluğu olan İlham Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İ.Xəlilov ittiham üzrə özünü təqsirli hesab edib.

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs zərərçəkmiş Gülnarə Baxşıyeva ilə 1991-ci ildən bəri birlikdə yaşadıqlarını, bir qız övladının olduğunu bildirib: “Əvvəlki həyat yoldaşımdan da 2 övladım var.  Gülnarə ilə anasının evində yaşayırdıq. Onun anası xəstə idi. Hər gün evə gələndə anası mənim ölümü-dirimi təhqir edirdi. Dişimi sıxırdım, deyirdim ki, qoca arvaddır. Səsimi çıxartmırdım, özümü zorla saxlayırdım. Əvvəllər məhkum olduğum üçün, həbsxananın nə olduğunu bilirdim. Gülnarəyə dəfələrlə demişdim ki, ayrı yaşayaq. Amma razı olmurdu. Nəhayət, bir gün yenə evdə mənim anam-atam söyüldü. Artıq özümdən çıxdım. Beynim özümdə deyildi. Bıçaqla Gülnarəyə bir dəfə vurdum. Az da olsa, özümə gəldim. Çıxdım evdən. Məhəlləni çıxmamışdım, sahə müvəkkili ilə rastlaşdım. Cinayətimi etiraf etdim. Peşmanam, gərək belə olmazdı. Hisslərimi cilovlaya bilmədim. Amma hər gün əkənimin, doğanımın söyülməsini qəbul edə bilmirdim”.

 

Prosesdə zərərçəkmiş şəxs kimi tanınan Gülnarə Baxşalıyeva ifadə verib.  O, qeyri-rəsmi birlikdə yaşadığı İlham Xəlilovun hər gün spirtli içki içdiyini bildirib. "Hər gün içirdi, mənə deyirdi, gəl, ayrı yaşayaq. Ev tutaq. Mən də deyirdim ki, işləmirsən-eləmirsən, necə saxlayacaqsan bizi?! İçməyə davam edirdi. Hətta bir dəfə əlini qurana basdı ki, içməyəcəm. Amma sözünün üstündə dura bilmədi, gücü çatmadı. Hadisə günü məndən alışqan istədi. Verdim. Məni küçəyə apardı. Soruşdum ki, hara gedirik. Ayaq saxladı. Üzünü mənə tutaraq dedi ki, ananın söyüşləri məni bezdirib. Ayrı yaşamaq istədiyi bildirdi. İçmişdi. Razı olmadım, səbəblərini dedim. Gözümün içinə baxdı. Cibindən bıçaq çıxarıb, bir zərbə vurdu. Birinci hiss etmədim. Amma qanı görəndən sonra hər şeyin fərqinə vardım. Qaçıb getdi. Evə girdim. Anam məni görüb, qışqır-bağır saldı. Sakit olmasını bildirdim. Qızım da məni görüb qorxdu. Onu sakitləşdirdim. Anama dedim ki, taksi çağır. Taksi gəldi və məni xəstəxanaya çatdırdı”.

 

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Tahir Xəlilov ifadə verib.

 

O, ifadəsində hadisə günü qardaşının onlara gəldiyini bildirib: “Bizə gəldi, çox narahat idi. Bu narahatlığının səbəbini öyrənmək istədim. Dedi, Gülnarəni vurmuşam. Səbəbini soruşsam da, ağzını açmadı. Çox qəmgin idi. Polisə gedib təslim oldu”.

 

Məhkəmə prosesində zərərçəkmiş Gülnarə Baxşalıyevanın anası ifadə verib. O, ifadəsində hadisə günü evdə olduğunu bildirib: “Gülnarə qanı axa-axa evə girdi. Qışqırdım. Sakit olmağımı tapşırdı. Dedi, taksi çağır, mən də çağırdım. Xəstəxanaya çatdırdıq".

 

Hakim məhkəmə istintaqının başa çatdığını bildirib. Söz prokurora verilib.

 

Dövlət ittihamçısı çıxış edərək, İlham Xəlilovun Cinayət Məcəlləsinin 126.1 ( qəsdən sağlamlığa ağır zərbə) maddəsi ilə ittiham olunduğunu, özünün cinayəti səmimi olaraq etiraf etməsini və peşman olduğunu bildirib. Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib. Hakimlər kollegiyası İlham Xəlilovu 5 il müddətinə azadlıqdan məhrum edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Səlcuq Elçin

Oxşar yazılar