Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Urumçi aviareyslə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı çantasını rentgen aparatına qoyub keçərkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurub və saxlanılaraq çantasına baxış üçün yoxlama otağına dəvət olunub.
Yoxlamadan öncə, həmin şəxsə çantasının içərisindəki bəyan ediləsi əşyaların könüllü şəkildə təqdim edilməsi təklif olunub və o, çantasında 20.000 ABŞ dollarının olduğunu bildirib.
Yoxlama zamanı çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.