APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünən Qumru Əhmədovanın cəsədi ailəsinə təhvil verilib, bu gün səhər saatlarında Moskvadan təyyarə ilə Bakıya yola salınıb.
Əhmədovlar ailəsinin yaxınlarının APA-ya verdiyi məlumata görə, Qumru Əhmədova doğulduğu Ucar rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Qumru Əhmədovanın ölümü ilə bağlı ilkin ekspertiza rəyi artıq açıqlanıb. Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, Qumru Əhmədova donvurmadan ölüb. Onun qarlı-buzluhavada yıxılaraq huşunu itirdiyi və donvurmadan öldüyü bildirilib.
İlkin ekspertiza rəyində Qumru Əhmədovanın cəsədi üzərində hər hansı bir zorakılıq əlamətlərinin aşkarlanmadığı qeyd olunub. Ekspertiza Qumru Əhmədovanın qanından da nümunə götürüb. Qumrunun yıxılıb huşunu itirməsinin səbəbi qanın ekspertizasından sonra müəyyən olunacaq.
Dekabrın 26-da itkin düşən Moskva vilayətinin Dolqoprudnıy şəhərinin sakini Qumru Əhmədovanın cəsədi martın 15-də axşam saatlarında itkin düşdüyü yerdən 10 dəqiqəlik məsafədə yerləşən kombinatın həyətində aşkar olunub. Hüquq-mühafizə orqanları Qumru Əhmədovanın ailəsinə bu barədə məlumat verib. Martın 16-da səhər saatlarında ailəsi tapılmış cəsədə baxış keçirib. Əhmədovlar ailəsi cəsədi aşkarlanan şəxsin Qumru Əhmədova olduğunu təsdiqləyib. Cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Üstündəki telefon, qızıl əşyalarına da toxunulmayıb.
Xatırladaq ki, Dolqoprudnıy rayonunda yerləşən orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Qumru Əhmədova dekabrın 26-da sinif yoldaşları ilə birlikdə bir məclisdə olub. Sinif yoldaşlarının dediyinə görə, Qumru ilk dəfə imiş ki, onlarla birgə məclisdə olurmuş. Valideynlərindən icazəsi ilə sinif yoldaşları ilə birgə dərs ilinin ikinci rübünün bitməsini qeyd edən Qumru orada olan zaman çox narahat imiş. O, saat 16:00 radələrində anasının zəngindən sonra sinif yoldaşıgildən evə getmək adı ilə çıxıb. Elə həmin vaxtdan ondan bir xəbər alınmayıb.