Polisin saxladığı “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəməsi prosesi başlayıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baxış iclası keçirilib.
Prosesdə Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Rövşən Süleymanov iş üzrə özünü təqsirli bilməyib.
Məhkəmə iclası təxirə salınıb.
Məhkəmənin növbəti iclası təqsirləndirilən şəxsin ifadə verməsi ilə başlayacaq.
Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati qaydada həbs edilib.
Fidan Fərmanlı