Pakistanda 22 yaşlı oğlan küfr ehtiva etdiyi iddia edilən “WhatsApp” mesajlarına görə ölüm cəzasına məhkum edilib.
Lent.az xarici KİV-ə istinadla məlumat verir ki, Pəncab Məhkəməsi, oğlanın müsəlmanların dini hisslərini təhqir etmək məqsədi ilə "küfr fotoşəkilləri və videoları" nə yaydığına diqqət çəkib. Məhkəmə qərarında deyilir ki, tələbə Məhəmməd peyğəmbər və arvadları haqqında təhqiramiz ifadələr yaratdığına və yaydığına görə ölüm cəzasına məhkum edilib.
Eyni işdə digər təqsirləndirilən 17 yaşlı oğlan ömürlük həbs cəzasına məhkum edilib. O, nalayiq materiallar yaymaqda ittiham olunur.
İddiaçının sözlərinə görə, o, qəzəbinə səbəb olan məzmunlu bir neçə mobil telefon nömrəsindən video və fotoşəkillər alıb. Şikayətçinin telefonunu yoxladıqdan sonra FİA “ədəbsiz materialın” göndərildiyini təsdiqləyib.
Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin “yalan işdə tələyə düşdüyünü” iddia edərək, vəziyyətə obyektiv baxılmasına çağırıblar. Hər iki gənc günahlarını rədd edir, vəkilləri isə işin uydurma olduğunu iddia edirlər.
Edam cəzası gözlənilən təqsirləndirilən şəxsin atası yerli məhkəmənin qərarından narazılığını bildirərək hökmdən Lahor Ali Məhkəməsində apelyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Pakistanda küfr üçün ölüm cəzası var. Bəzi linç halları məsələ məhkəməyə çatana qədər baş verir.
Tarixən küfrlə bağlı qanunlar Hindistanın Britaniya hökmdarları tərəfindən təsis edilmiş və 1980-ci illərdə Pakistanın hərbi hökuməti altında daha da genişləndirilmiş və onların tətbiqi və ədalətliliyi ilə bağlı əhəmiyyətli ictimai müzakirələrə səbəb olmuşdur.