Tanınmış aktrisa Nəzakət Məmmədova ilə vətəndaş Emin Məmmədli arasındakı pul mübahisəsi öz həllini tapıb.
Bu barədə Lent.az-a E.Məmmədli özü məlumat verib.
O qeyd edib ki, hadisə ictimailəşdirildikdən sonra N. Məmmədova onunla əlaqə saxlayaraq pulu hesabına göndərib: "Az əvvəl məndən alınan pul kartıma yükləndi və aramızdakı anlaşılmazlıq müsbət həllini tapdı. Heç bir şikayətim yoxdur".
***
saat 13:10
Tanınmış aktrisa Nəzakət Məmmədova dələduzluqda ittiham olunur.
Bu barədə Lent.az-a zərərçəkən Emin Məmmədli məlumat verib.
O bildirib ki, aktrisa lotoreya oynamaq adı ilə ondan 200 manat alıb. Lotoreyada toplanan pulların ona veriləcəyi vaxt tamam olanda problem yaşanıb və zərərçəkmiş uzun müddət pulunu ala bilməyib.
E.Məmmədli pulunu geri almaq üçün bir neçə dəfə Nəzakət Məmmədovaya müraciət etsə də nəticə olmayıb. Daha sonra isə aktrisa onun telefon zənglərinə cavab verməyib.
E.Məmmədli hadisə ilə bağlı hələlik polisə şikayət etmədiyini də sözlərinə əlavə edib.
Lent.az tanınmış aktrisa barəsində səslənən ittihamları araşdırmaq üçün onun özü ilə əlaqə saxlayıb.
N.Məmmədova saytımıza açıqlamasında E. Məmmədlini yaxından tanıdığını bildirib. O, E.Məmmədli ilə aralarında yaranmış olan anlaşılmazlığın tezliklə həll olunacağını bildirib: “Lotoreya pulunu yığan qadın koronavirusa yoluxduğu üçün oyun dayandırıldı. Hamının pulunu hissə-hissə qaytardılar. Eminin də pulu qaytarılacaq. Məsələni öz aramızda həll edəcəyik”.