Cənubi Koreyada Asiana Airlines-a məxsus “Airbus A321” təyyarəsi eniş zamanı 33 yaşlı sərnişin yanında olduğu təcili yardım qapısını açıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu səbəbdən təyyarədə olan 194 sərnişindən 9-nun vəziyyəti pisləşib.
Hadisə Daequ hava limanında baş verib. Hadisəni törədən şəxs sərxoş olmayıb. Lakin ilkin ifadəsində qeyri-adekvatlıq nümayiş etdirdiyini deyib və əməlini izah edə bilməyib.
Eniş zamanı təzyiqin azalmasına baxmayaraq, təyyarə normal eniş edib. Lakin 9 nəfər o qədər şoka düşüb ki, onların tibbi yardıma ehtiyacı olub.
Həkimlər onlara şok və tənəffüs problemi diaqnozu qoyublar.