Qubadlıda ötən 1 il ərzində külli miqdarda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, işğaldan azad edildikdən sonra rayon Polis Şöbəsinin Qubadlı ərazisində fəaliyyəti bərpa olundu. Aradan ötən müddətdə polis əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə nəzarət-profilaktik, təhlükəsizlik tədbirləri keçirirlər.
Belə tədbirlər zamanı Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkar edilib.
Qeyd edək ki, bu gün Qubadlının işğaldan azad olunmasından bir il ötür.