Qarabağ veteranına qarşı 400 min dollarlıq dələduzluq edənlərin məhkəməsi keçirilir
10 oktyabr 2022 23:24 (UTC +04:00)

Qarabağ veteranına qarşı 400 min dollarlıq dələduzluq edənlərin məhkəməsi keçirilir

Qarabağ müharibəsi veteranına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir. 

Lent.az xəbər verir ki, ittiham aktına görə, zərərçəkmiş Əfqan Zeynalovun sahibi olduğu şirkətdə çalışan Nelli Fabriçnaya və həmin şirkətdə xadimə işləyən Mehriban Atakişiyeva seyfdən ümumilikdə 423 min dolları oğurlayaraq mənimsəməkdə təqsirli bilinirlər.   

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə bu gün keçirilən prosesdə Mehriban Atakişiyeva ifadə verib. M. Atakişiyeva hakimin və Ə. Zeynalovun vəkilinin suallarını cavablandırıb. 

M. Atakişiyevanın ifadələrindən bəlli olub ki, o, Nelli Fabriçnaya ilə birgə Ə. Zeynalova məxsus seyfdən oğurladıqları pulu öz aralarında bölüblər. 

İfadəsində xadimə işlədiyini və kasıblıqla dolandığını deyən M. Atakişiyeva belə vəziyyətdə yaşadığı halda 3 gün ərzində pulun 70 min manatını necə qaytara bildiyinə dair suala cavab verə bilməyib. 

Xatırladaq ki, M. Atakişiyeva seyfdən oğurladıqları puldan ona çatan 70 min manatı istintaq dövründə zərərçəkmişə qaytarıb.
O da məlum olub ki, Nelli Fabriçnaya seyfdən oğurladıqları pulun bir hissəsini sevgilisi Rauf Zülfüqarova verib. İstintaq dövründə isə onlar zərərçəkmişə ümumilikdə 105 min manat qaytarıblar.   

Zərərçəkmiş tərəfin digər iddiası isə ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Ə. Zeynalovun suyuna zəhər qataraq, onu öldürmək istəyiblər.
Lakin bu fakt ibtidai istintaq zamanı araşdırılaraq hüquqi qiymətini almayıb. 

Proses oktyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsi veteranıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar