Mingəçevir şəhəri, Puşkin küçəsində bir nəfər vətəndaş dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd nümayiş etdirib. Bunu görən sakinlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hadisə barədə məlumat veriblər.
Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xialsediciləri dərhal hadisə yerinə cəlb olunub.
Binanın həyətindəki yanğınsöndürən-xilasedicilər intihara cəhd etmək istəyən 35 yaşlı Təhməzov Müşfiq Hilal oğlunu fikrindən daşındırmaq məqsədilə onunla məsafədən psixoloji söhbət apardıqları vaxt damdakı xilasedicilər yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı anidən tutaraq intiharın qarşısını alıblar.