Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub.
Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq.
Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub.
Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
***
Saat: 10:30
Abşeronda yeniyetmə binadan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi Füzuli küçəsində baş verib. 14 yaşlı A. Aslanova binanın 2-ci mərtəbəsində yaşadıqları evin pəncərəsindən yıxılıb. Şahidlərin sözlərinə görə, nəticədə zərərçəkənin qolu və ayaqları sınıb.
Şahidlər həmçinin bildirir ki, gecə saatlarında hadisə baş verən kimi dərhal təcili tibbi yardıma məlumat veriblər. Lakin 1.5 saata həkim briqadası gəlmədiyi üçün qonşular özləri zərərçəkəni şəxsi avtomobilləri ilə xəstəxanaya aparmalı olublar. 3 saat sonra isə təcili tibbi yardım stansiyasından müraciət edən qonşuya zəng gəlib və "ambulansa ehtiyac olub-olmadığı" soruşulub.
Yeniyetmənin Kliniki Tibbi Mərkəzə yerləşdiyi bildirilir.