"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Aeroportun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
"Boeing 787" təyyarəsi yerli vaxtı ilə saat 5:09-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir sərnişin qalıb.
"British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 7:37-də yola düşüb.