Bakıda həbsxanada daha bir nəfər ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan ömürlük məhbus Nazim Adil oğlu Zeynalov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Ölümün dəqiq səbəbləri təyin olunan tibbi ekspertizadan sonra məlum olacaq.
Lent.az həbsə ölən ömürlük məhbusla bağlı araşdırma aparıb. Araşdırmalar zamanı məlum oldu ki, Nazim Zeynalov 90-cı illərdə Azərbaycanda ağır cinayətlər törədən mütəşəkkil dəstənin üzvlərindəndir. Həmin dəstənin başçısı Şəmkirin icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək həbs olunan və 2015-ci ildə vaxtından əvvəl azadlığa buraxılan Lamiyə Quliyevanın atası Sahib Quliyev olub. Onun başçılıq etdiyi dəstənin ən aktiv üzvlərindən biri də Nazim Zeynalov olub. Çoxsaylı qətllərdə təqsirləndirilən dəstə üzvləri ömürlük azadlıqdan məhrum ediliblər. Dəstə başçısı S. Quliyev isə 2012-ci ildə Qobustan həbsxanasında vərəmdən vəfat edib.
Xatırladaq ki, Lamiyə Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi bir neçə il əvvəl mətbuatın gündəmində olub. O, dünyaya gətirdiyi övladına atası Sahibin adını qoyub.
Onu da qeyd edək ki, Lamiyə Quliyeva özü də atası həbsdə olarkən dünyaya gəlib.
Lamiyə Quliyeva həbsdən çıxarkən çəklilmiş foto