Şirvanda kafedə qumar oynayanlar cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində beş nəfərin qumar oynaması aşkarlanıb. Araşdırmalarla həmin şəxslərin Şirvan şəhər sakinləri Elşən Səfərov, Elxan Mirzəyev, Rauf Nərimanov, Elman İsmayılov və Sabirabad rayon sakini Fuad Hüseynov olduqları müəyyən edilib. Qaydaları pozaraq qumar oynayan beş nəfər, eləcə də kafeni icarə əsasında işlədən şəhər sakini Yaşar Mirzəliyev saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Şəhər Polis Şöbəsində E.Səfərov, E.Mirzəyev, R.Nərimanov, E.İsmayılov və F.Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və onların hər biri 3000 manat məbləğində cərimə olunub.
Obyekti icarə əsasında işlədən Y.Mirzəliyev barəsində isə İstintaq Bölməsində araşdırmalar aparılır.