Tranzit şəkildə Azərbaycandan keçən yük avtomobil narkotik aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Lent.az-a veirlən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Qazaxıstana "DAF" markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb. "Marqarin" yükü aparan avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.
Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabininə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.
İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İranda nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstana aparmalı olduğunu bildirib.
Qeyd edək ki, aşkar edilən narkotik vasitə - heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 14:06
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Tvitter" hesabında paylaşım edib.
O bildirib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.