Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirilib.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər - Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları “Kazım”, “Fəridin” və “Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər.
Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.