İranda etiraz videosuna görə  edam edilən   qızdan xalqa  MÜRACİƏT
15 oktyabr 2026 11:17 (UTC +04:00)

İranda etiraz videosuna görə edam edilən qızdan xalqa MÜRACİƏT

0

İranda peyğəmbəri təhqir etmək ittihamı ilə ölüm cəzasına məhkum edilmiş 23 yaşlı Naşmeh Amininin edam olunduğu bildirilir. Gənc qadın edamdan əvvəl həbsxanadan gizli göndərdiyi səsli müraciətdə həmvətənlərini ədalət tələb etməyə çağırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mühasibat uçotu üzrə təhsil alan Amini hökumət əleyhinə etirazların videolarını "Instagram"da paylaşdıqdan sonra təqibə məruz qalıb.

Məlumata görə, sentyabrın 16-da onun barəsində ölüm hökmü çıxarılıb və qısa müddət sonra icra olunub.

Amini həbsxanadan göndərdiyi səsli mesajda özünü qəhrəman kimi təqdim etmək niyyətində olmadığını bildirib: “İran xalqını salamlayıram. Bu gün özümü qəhrəman kimi göstərməyə çalışmıram. Yalnız bir şey xahiş edirəm: mənim səsim olun”.

O, vəkilləri, hüquqşünasları, hüquq müdafiəçilərini və günahsız insanların taleyinə biganə qalmayan hər kəsi məhkəmə işinin materiallarını araşdırmağa çağırıb.

“Mən yalnız ədalət və özümü müdafiə etmək imkanı istəyirəm”, - Amini vurğulayıb.

Gənc qadın müraciətində adının unudulmamasını istəyib, İranı azad və firavan görmək arzusunu dilə gətirib: “Bəlkə də bir daha heç vaxt danışa bilməyəcəyəm. Amma nə qədər ki sağam, kəndir həyatıma son qoymazdan əvvəl İranımı firavan və azad görəcəyimə ümidimi qoruyuram”.

Etirazlara qatıldıqdan sonra saxlanılıb

Məlumata görə, Amini Məşhəd şəhərində mühasibat uçotu üzrə təhsil alıb. Yanvarda İranın dini rəhbərliyinə qarşı keçirilən kütləvi etirazlara qoşulub.

Yanvarın 31-də bazar ərazisində saxlanılan gəncin həmin vaxt ağır döyüldüyü iddia olunur. Hüquq müdafiəçiləri onun təqib edilməsinin səbəblərindən birinin etiraz aksiyalarından qısa videolar paylaşması ola biləcəyini bildirirlər.

Amininin Vəkilabad həbsxanasında təxminən üç ay təkadamlıq kamerada saxlanıldığı, etiraf almaq məqsədilə təzyiqə məruz qaldığı da qeyd olunur.

“Iran Human Rights” təşkilatının məqalədə yer alan məlumatına görə, yanvar-avqust aylarında İranda azı 532 nəfər edam olunub. Onlardan 31-nin nümayiş iştirakçısı olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar