Harri Kasparov  beynəlxalq axtarışa verildi
23 may 2026 09:36 (UTC +04:00)

Harri Kasparov beynəlxalq axtarışa verildi

0

Rusiya tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, terrorizmi bəraətləndirmə və xarici agent fəaliyyəti qaydalarının iki epizod üzrə pozulmasında ittiham olunur. Onun barəsində bu ittihamlarla qiyabi həbs qərarı da verilib.

Qeyd olunur ki, Harri Kasparova (qiyabi qaydada) Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (internetdə terrorizmi bəraətləndirmə), həmçinin 330.1-ci maddəsinin 2-ci hissəsi üzrə (xarici agent fəaliyyətinin qaydalarının pozulması) ittiham irəli sürülüb. Kasparov əvvəlcə federal və dövlətlərarası axtarışa verilib, daha sonra beynəlxalq axtarış elan olunub.

2025-ci il dekabrın 22-də Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı vaxtdan hesablanmaqla iki aylıq həbs-qətimkan tədbiri seçib.

İlkin olaraq Kasparova Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (informasiya və telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmin açıq şəkildə bəraətləndirilməsi) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə sanksiya 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə, həmçinin müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququnun 5 ilədək məhdudlaşdırılmasını nəzərdə tutur.

Daha sonra ona qiyabi qaydada 330.1-ci maddənin 2-ci hissəsi üzrə (xarici agent fəaliyyətinin qaydalarının pozulması) iki epizod üzrə də ittiham elan olunub. Bu maddə üzrə epizodlardan biri üçün 2 ilədək azadlıqdan məhrumetmə və ya cərimə nəzərdə tutulur.

Rusiyanın Ədliyyə Nazirliyi Harri Kasparovu 2022-ci ilin mayında “xarici agentlər” siyahısına daxil edib. Buna əsas kimi onun “siyasi fəaliyyətlə məşğul olması” göstərilib. Xarici maliyyə və ya əlaqə mənbələri barədə məlumatda isə Ukrayna və “Human Rights Foundation” (ABŞ) qeyd olunub.

Rusiyada məhkəmələr Kasparovu “xarici agentlər haqqında” qanunun pozulmasına görə dəfələrlə inzibati məsuliyyətə cəlb edib.

Hazırda Kasparov Rusiya hüdudlarından kənarda yaşayır.

Qeyd edək ki, Kasparov 1963-cü ildə Bakıda doğulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar