Ötən gün saat 9 radələrində əsgər yola salma mərasimində avtoxuliqanlıq hərəkətləri edərək, görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri DYP əməkdaşları tərəfindən saxlanılıblar.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, hadisə Bakı-Astara şosesində baş verib.
Belə ki, 29 yaşlı Məhərrəmov Vüsal İxtiyar oğlu, 27 yaşlı Məmmədov Eltun Firdovsi oğlu, 23 yaşlı İdrisov Raqib Şadulla oğlu, 27 yaşlı Qasımov Namiq Sərdar oğlu və 23 yaşlı Zayidov İsaq Söhrab oğlu “VAZ 2107” markalı, “VAZ 2106" markalı və “VAZ 21015” markalı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.
Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə yanaşı 15 sutka həbs cəzası alıblar.