İyunun 29-da Ağdamda məskunlaşan Xaliq Mamedovun qohumu Kamil Mamedov Göygöl rayon Toğanalı kəndində Kəlbəcər rayonuna getmək üçün başqa şəxsin şəxsiyyət vəsiqəsini təqdim edərək stasionar postdan qeyri-qanuni keçməyə cəhd edib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, X.Mamedov bəzi internet televiziya kanallarına videomüraciətlər göndərərək öz qanunsuz əməllərinin mahiyyətini başqa formada təqdim edib, qanunsuz əməllərinin qarşısını alan polis əməkdaşları haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib. Həmin iddialar yalandır, həqiqəti əks etdirmir. X.Mamedova da yaxşı məlumdur ki, hansısa təsərrüfatın stasionar postdan keçirilməsi üçün qeydiyyat polisin səlahiyyətinə aid olan məsələ deyil, polis əməkdaşları tərəfindən yalnız nəzarət-profilaktik tədbirlər icra edilir.
Belə ki, X.Mammedov özünəməxsus arı təsərrüfatını yaxın qohumu K. Mamedov vasitəsi ilə Kəlbəcər rayonuna göndərmək istəyib və K. Mamedov Göygöl rayon Toğanalı kəndində yerləşən stasionar posta yaxınlaşaraq Kəlbəcər rayonuna getmək üçün başqa şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə polis əməkdaşlarının diqqətini yayındırmağa cəhd edib. Lakin onun bu əməlinin qarşısı alınaraq və əsaslı olaraq Göygöl RPŞ-nin Sarısu Polis Bölməsinə gətirilib.
Araşdırmalarla müəyyən edilib ki, K. Mamedov Kəlbəcər rayonuna getmək üçün müvafiq portal icazəsi olmadığından əmisinə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib, stasionar postda xidmət aparan polis əməkdaşlarının diqqətini yayındırmağa çalışıb.
Qeyd olunan hərəkətlərindən nəticə çıxarmayan X.Məmmədov qanunsuz yolla arı təsərrüfatını köçürə bilmədiyindən tanışı Ramin adlı şəxslə əlaqə saxlayıb və ondan kömək istəyib. Həmin şəxs də X.Mamedova köməklik edəcəyini bildirib və ondan 2000 manat pul alıb. Lakin sözügedən şəxsin polis əməkdaşları ilə hər hansı bir əlaqəsi yoxdur.
Hazırda Göygöl Rayon Polis Şöbəsində Ramin Tağıyev barəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.