Fərizə Hacıyeva adlı vətəndaşı özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.
Lent.az xəbər verir ki, o, bu şikayətlə Baku TV-yə üz tutub.
“Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi”, – şikayətçi söyləyib.
Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.
Daha sonra Baku TV-nin müxbiri əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra isə kanalın əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb.
Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.
Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.
Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.