Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib.
Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov deyib.
O bildirib ki, partlayışdan sonra mənzildə təxminən 13 kv metr ərazidə yanğın olub: "Yanğın zamanı mənzildə heç kim olmayıb. Yanğın nəticəsində ev əşyaları yanıb, eləcə də deformasiya uğramış arakəsmə divarlar dağılıb. Bir nəfər yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib".
FHN rəsmisi qeyd edib ki, yanğınla bağlı qaynar xəttə 23:12-də məlumat daxil olub: "23:16-da Fövqəladə Hallar Nazirliyinim bölmələri hadisə yerinə çatıblar. 16 dəqiqə ərzində yanğın tam söndürülüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən texnikası, 1 xilasetmə avtomobili və 20-dən çox şəxsi heyəti cəlb olunub".
***
00.19
Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində baş verən partlayış nəticəsində beşmərtəbəli binanın bir neçə mənzilinə və binanın altında yerləşən marketə ciddi ziyan dəyib.
Lent.az APA-ya istinadla xəbər verir ki, binanın sakinləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib.
Hadisə yerində hüquq-mühafizə orqanım əməkdaşları cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarırlar.
Partlayış ilkin səbəbi kimi binanın 4-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması ehtimal edilir.
***
00:06
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölüm yoxdur.
DİN-dən Lent.az-a verilən məlumata görə, ərazidə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində söndürülüb.
***
00.03
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası hadisə yerinə cəlb edilib.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
23.39
Nizami rayonunda baş verən yanğın söndürülüb.
FHN-dən Lent.az-a bildirib ki, ilkin ehtimala görə hadisə qaz sızması səbəbindən baş verib.
Hadisə nəticəsində ölən olmayıb.
Bir nəfər yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıb.
***
23.26
Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən evlərdən birində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
23.18
Bakıda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb.