Fövqəladə Hallar Nazirliyi (FHN) qanunsuz tikintilərlə bağlı müvafiq tədbirləri davam etdirir.
Lent.az xəbər verir ki, bu cür tədbirlərin davamı olaraq, Xəzər rayonu, Binə qəsəbəsi, İsa Hüseynzadə küçəsində inşa olunmuş qanunsuz qeyri-yaşayış sahəsi sökülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə yoxlamaları nəticəsində obyektin icazəsiz tikildiyi, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab vermədiyi, layihədən kənar inşa olunduğu, həmçinin yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan insanların həyat və sağlamlığına potensial təhlükə yaratdığı müəyyən edilib.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Bəxtiyar Tağıyev jurnalistlərə açıqlamasında söküntünün zəruriliyindən danışıb.
Bəxtiyar Hacıyevin sözlərinə görə, qanunsuz yolla inşa edilmiş qeyri-yaşayış sahəsinin sökülməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub. Araşdırma zamanı müraciətin əsaslı olduğu, obyektin tikintisi üçün icazə sənədi olmadığı məlum olub. Bundan başqa, tikinti zamanı yaşıllaşdırmaya xələl gətirilib. Belə ki, çoxillik şam ağacı tikintinin daxilində saxlanılıb.
Qeyd edək ki, həyata keçirilən tədbirlərin məqsədi qanunsuz aparılan tikinti işlərinin qarşısını almaq, şəhərsalma və tikinti sahəsində qanunvericiliyin, o cümlədən normativ sənədlərin tələblərinə riayət olunmasını və yanğın təhlükəsizliyini təmin edərək insanların həyat-sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdır.
Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edir, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Pozuntular aşkarlanmış obyektlərlə bağlı isə qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.