Azərbaycanlılar xaricdə həbs olunarkən nə etməlidirlər? - CAVAB
27 iyun 2024 17:52 (UTC +04:00)

Azərbaycanlılar xaricdə həbs olunarkən nə etməlidirlər? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu xaricdə həbs olunan vəıtəndaşlarla bağlıdır.

Maraqlıdır, görəsən, azərbaycanlılar xaricdə həbs olunarkən nə etməlidirlər?

Lent.az xəbər verir ki, bu suala sizin üçün Xarici İşlər Nazirliyindən cavab aldıq. 

Xarici ölkələrə səyahət edən hər bir şəxs müxtəlif çətin situasiyalarla qarşılaşa bilər. Məsələn, sənədlərin itirilməsi, oğurlanması, yararsız vəziyyətə düşməsi və ya etibarlılıq müddətinin bitməsi, avtomobil qəzası və ya digər bədbəxt hadisələrin baş verməsi, özünün və ya qohumlarının cinayətin qurbanı olması və ya cinayət törətməsi, həbs edilmə, tutulma, saxlanılma, azadlıqdan məhrum edilmə, qohumlarının itkin düşməsi və ya axtarılması və s. Bu cür çətin vəziyyətlərdə hər bir vətəndaş özünün xarici ölkədəki diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidir. Lakin ilk növbədə xarici ölkələrə səyahət edən, müvəqqəti və ya daimi yaşayan hər bir Azərbaycan Respublikası vətəndaşı olduğu ölkənin qanunlarına və adət-ənənələrinə hörmətlə yanaşmalı, onları pozmamalıdır. Heç bir dövlət xaricdə olan vətəndaşlarının törətdiyi əməllərə görə məsuliyyət daşımır, lakin dövlət öz vətəndaşlarına pozulmuş hüquqlarının bərpasında onlara köməklik göstərir və onların diplomatik müdafiəsini həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Bu funksiya Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən beynəlxalq hüququn ümumtanınmış normaları əsasında həyata keçirilir.

Xarici ölkələrdə həbs olunmuş, tutulmuş və ya məhkum olunmuş Azərbaycan Respublikasının vətəndaşlarının atacaqları addımlar

Həbs olunduqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı ilk öncə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyi və ya baş konsulluğu ilə əlaqə saxlamaq hüququna malikdir. Bu hüquq həbs edən dövlətin səlahiyyətli orqanları tərəfindən təmin edilməlidir. Eyni zamanda həbs edilmiş şəxsin Azərbaycan Respublikasında yaşayan yaxınları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ərizə ilə rəsmi şəkildə müraciət edərək bu barədə məlumat verə bilərlər.

Ərizədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

– ərizə vermiş şəxsin adı, soyadı, yaşadığı ünvan və telefon nömrəsi;

– həbs edilmiş şəxs barədə məlumatlar (adı, soyadı və atasının adı, doğulduğu tarix və yer);

– daimi və ya müvəqqəti yaşadığı və ya olduğu ölkə, şəhər, kənd, qəsəbə və s.;

– həbs olunduğu ölkə və şəhər;

– həbs olunma səbəbləri;

Təcili hallarda həbs edilmiş şəxslər barədə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin aşağıda göstərilən əlaqə telefonlarına da məlumat vermək mümkündür:
+994 (12) 596 93 33; +994 (12) 596 93 58

Tutulmuş şəxslər nələri bilməlidir?

Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir və heç kim özbaşınalıqla həbs edilə və ya tutula bilməz. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqları təmin etməlidir. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər:

– tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək;

– tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək;

– hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir);

– tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir);

– şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq; – tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

– tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq;

– tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur);

– cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək;

– tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə isə xüsusi diqqət yetirmək; – tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün müvafiq olan müddətlərə riayət edilməsi məqsədi ilə tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək;

Tutulmuş, həbs olunmuş və ya məhkum olunmuş şəxslərlə bağlı konsulluğun hüquq və vəzifələri
“Konsulluq münasibətləri haqqında” 24 aprel 1963-cü il tarixli Vyana Konvensiyasının 5 (e) maddəsinə əsasən konsullar olduqları ölkədə göndərən dövlətin bütün fiziki və hüquqi şəxslərinə müvafiq köməklik və yardım göstərməlidir. Həmin Konvensiyanın 36-cı maddəsində isə konsulun aşağıdakı funksiyaları öz əksini tapmışdır:

1. Göndərən dövlətin vətəndaşları ilə əlaqədar konsulluq funksiyalarının həyata keçirilməsinin asanlaşdırılması üçün:

a) konsul azad şəkildə göndərən dövlətin vətəndaşları ilə əlaqə qurmaq və onlarla ünsiyyətə girmək hüququna malikdir. Göndərən dövlətin vətəndaşları da konsulla əlaqə qurmaq və onunla ünsiyyətə girməkdə eyni hüquqlara malikdir;

b) əgər göndərən dövlətin vətəndaşı həbs olunmuş və ya tutulmuşsa və ya nəzarət altına alınmışsa yaxud hər hansı digər formada həbs edilmişsə və əgər vətəndaş tələb edərsə, qəbul edən dövlətin səlahiyyətli orqanları dərhal konsulluq dairəsi üzrə göndərən dövlətin konsulluğuna bu barədə məlumat verməlidir. Həbsdə və ya nəzarət altında saxlanılan və ya tutulmuş şəxs tərəfindən konsula hər hansı məlumat göndərilməsi qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən dərhal təmin edilməlidir. Səlahiyyətli orqanlar həmin şəxsə dərhal onun bu hüquqları barədə məlumat verməlidir;

c) konsullar göndərən dövlətin həbsdə olan, saxlanılmış və ya tutulmuş vətəndaşları ilə görüşmək, onlarla söhbət etmək və əlaqə saxlamaq və onları hüquqi cəhətdən təmsil etmək hüququna malikdir;

d) onlar həmçinin, göndərən dövlətin konsulluq dairəsi ərazisində həbsdə olan, saxlanılmış və ya tutulmuş vətəndaşlarına məhkəmə qərarına əsasən baş çəkmək hüququna malikdir. Konsul həbsdə olan, saxlanılmış və ya tutulmuş şəxslərin adından əgər onlar açıq-aşkar belə hərəkətə qarşı çıxsa, hər hansı hərəkəti etməkdən imtina etməlidir.

Məhbuslarla rəftara dair minimum standart Qaydaların 38-ci bəndinə əsasən:

(1) Xarici ölkə vətəndaşı olan məhbusların vətəndaşı olduqları ölkənin diplomatik nümayəndəliyi və konsulluğu ilə müvafiq qaydada əlaqə yaratmalarına icazə verilir.

(2) Həbs olunduqları ölkədə vətəndaşı olduqları dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan məhbuslar, qaçqın statusu olanlar və ya vətəndaşlığı olmayan şəxslər, onların müdafiəsini həyata keçirən dövlətlərin diplomatik nümayəndəlik və ya bu vəziyyətdəki şəxsləri müdafiə etməklə səlahiyyətli milli və ya beynəlxalq orqanlarla eyni imkanlarla əlaqə qurmalarına icazə verilir.

Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqları Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və baş konsulluqları tərəfindən həyata keçirilir. Bu məsələnin tənzimlənməsi ilə bağlı əsas hüquqi müddəalar Azərbaycan Respublikasının Konsul Nizamnaməsində və Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamədə nəzərdə tutulmuşdur. Konsul Nizamnaməsinə əsasən “Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyindən, Azərbaycan Respublikasının və həmin dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdən, habelə beynəlxalq adətlərdən irəli gələn bütün hüquqlardan tam həcmdə istifadə etməsi üçün və onların pozulmuş hüquqlarını bərpa etmək üçün zəruri tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməyə görə isə “Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, qəbul edən dövlətin məhkəmə və digər dövlət hakimiyyəti orqanlarında qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə onları müəyyən olunmuş qaydada təmsil edir və ya müvafiq təmsilçiliyini təşkil edir.” Konsul Nizamnaməsində həbs edilmiş hər bir şəxslə bağlı konsulun aşağıdakı hüquq və vəzifələri öz əksini tapmışdır: – Konsul, konsulluğun yerləşdiyi dövlətin bütün idarələrində Azərbaycan Respublikası vətəndaşlarını, onlar orada olmadıqda və işin aparılmasını hər hansı şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz mənafelərini müdafiə edə bilmədikdə, xüsusi vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir. Konsul həbsdə olan və ya cinayət törətməkdə şübhəli şəxs kimi tutulub saxlanılan və ya Azərbaycan Respublikası vətəndaşının azadlığını məhdudlaşdıran başqa tədbirlərə məruz qalan, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkən, digər məhkəmə və ya inzibati təsir tədbirlərinə məruz qalan Azərbaycan Respublikası vətəndaşı barəsində konsulluğun yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə həmin dövlət arasındakı müqavilələrə əməl olunmasına nəzarət etməlidir. Bu nəzarət həbsdə olan vətəndaşlarla görüşlər keçirilməsi vasitəsilə həyata keçirilir. Konsul azadlıqdan məhrumetmə yerlərində və ya həbsdə olan Azərbaycan Respublikası vətəndaşlarına maraqlı şəxslərin xahişi ilə, öz təşəbbüsü ilə baş çəkməli, onların saxlanma şəraitini öyrənməlidir. Konsul bu vətəndaşların saxlanma şəraitinin gigiyena və sanitariya tələblərinə uyğun olmasına, onlara qarşı qəddar və insan ləyaqətini alçaldan rəftara yol verilməməsinə nəzarət etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28