Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polislər tərəfindən tədbir həyata keçirilib. Nəticədə rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran – müsiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunaraq, hər biri 200 manat. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntusuna yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün 6000 manat cərimə edilib.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.