İqbal Ağazadə: “Bu işin arxasında kimin dayandığını...”
27 noyabr 2019 18:21 (UTC +04:00)

İqbal Ağazadə: “Bu işin arxasında kimin dayandığını...”

“Sifarişin kimlər tərəfindən verildiyini və arxasında kimin olduğunu bilirəm”. Bu sözləri Lent.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, evinin elektrik xəttinin kəsilməsinə görə saxlanılan şəxsin ruhi xəstə kimi təqdim edilməsinin doğru olmadığını deyib:

“Həmin şəxsin hərəkətinin əsas səbəb kimi göstərilir ki, guya mənim o ünvanda yaşamağımı istəmədiyi üçün belə edib və guya o ünvanda onun yaxınları yaşayırmış. Əvvəla, həmin ərazidə o adamın tanıdığı kimsə yaşamayıb. Mən o evi 1992-ci ildə almışam və həmin adamın o zaman cəmi 7 yaşı var idi. Həmin ərazidə 27 il əvvəl tanışlarının yaşamasını o vaxt 7 yaşında olmuş bir adamın başa düşməsi və buna etiraz etməsi absurddur. İkincisi, adam ruhi xəstədirsə, bu haqda rəsmi sənəd təqdim etsinlər. O zaman biz də həmin adamın ruhi xəstə kimi qeydiyyatda olmadığını göstərən digər bir sənəd göstərəcəyik. Əlimizdə var. BŞBPİ-nin bu işi araşdırarkən 20-25 gün əvvəl ailəmlə bağlı baş verən cinayət faktına görə iş açmadığı mənə məlumdur. Üçüncüsü, əgər həmin şəxs ruhi xəstədirsə, nəyə görə bu böyük məsafəni qət edərək, özünü müdafiə etmək üçün əlində silah tutmuşdu? Mən maşını saxlayarkən mənə müqavimət göstərdi. Ruhi xəstələr, şizofrenlər gəldiyi yolla da sakitcə çıxıb gedir və onlar üçün heç bir qorxu olmur. Adam getmək üçün kifayət qədər gizli yollar seçib. Dalanlardan, keçilməz küçələrdən keçərək mərkəzi küçəyə çıxarkən yaxalanıb. Bu da onu göstərir ki, adamın ağlı yerindədir. Dördüncüsü, onun işlədiyi yerlər və əlaqə saxladığı şəxsləri təsbit ediblər. Adam peşəkar kimi mənim evimin işığını kəsməmişdən öncə telefonuna aparat vasitəsilə kontur yükləyib. Adam o qədər peşəkar olub ki, tutulacağını gözə alaraq, əlaqələri üzə çıxmasın deyə mənim evimə gələrkən telefonunu üstündə götürməyib. Beşincisi, bu adam 36-cı seçki dairəsinin 18-ci məntəqəsində seçici kimi qeydiyyatdadır. Məlumdur ki, ruhi xəstələr seçici hüququna malik olmur”. 

Partiya sədri bir daha Baş Prokurorluğa, Daxili İşlər naziri Vilayət Eyvazova, DTX rəisi Əli Nağıyevə müraciət edib: “Bu məsələni ciddi araşdırsınlar. Əks təqdirdə, mən bildiyim bütün həqiqətləri və bu işin arxasında kimin dayandığını prezident İlham Əliyevə rəsmi müraciətdə yazıb göndərəcəm və KİV-də həmin adamların adlarını yazacam. Mən bu sifarişin kim tərəfindən verildiyini, arxasında respublika səviyyəsində, rayon səviyyəsində kimin olduğunu artıq bilirəm”.

Qeyd edək ki, dünən gecə saatlarında naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin evinin işıq xəttini kəsib. Partiya sədri və digər şəxslər onu yaxalayaraq, Xətai rayon 37-ci Polis Şöbəsinə təhvil verib. Araşdırma nəticəsində onun Xətai rayonu sakini, 1986-cı il təvəllüdlü Pes Traykov Vladislav Yuriyeviç olduğu məlum olub. BŞBPİ-nin yaydığı məlumatda həmin şəxsin ruhi-əsəb xəstəsi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2795
avatar

Mehman Nəbiyev

Oxşar yazılar