13 yaşlı qızı qaçıran Xaçmazsakini həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, Tovuz rayonundan azyaşlını Xaçmaz rayonuna gətirən, onun hüquqlarını pozaraq cinayət əməlində təqsirləndirilən şəxs məhkəmə qərarı ilə həbs edilib.
Xaçmaz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham olunan 44 yaşlı Səfər Kavazov barəsində cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Saat: 12:32
Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılır.
Lent.az APA-ya istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.
Xatırladaq ki, mayın 20-də 13 yaşlı Ə. Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb, cinayət işi açılıb.
Qeyd edək ki, həmin maddə əsasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.