Məktəb tikintilərindəki yeyinti faktlarına görə cinayət işi açılıb
22 iyul 2011 11:50 (UTC +04:00)

Məktəb tikintilərindəki yeyinti faktlarına görə cinayət işi açılıb

Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən xəbərinə görə, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin 2006-cı ildə tikilmiş korpuslarına aidiyyatı mütəxəssislərin, podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə birgə baxış keçirilib, layihə smeta sənədləri, görülmüş işlərin qəbuluna dair aktlar və bir sıra digər zəruri sənədlər götürülərək müvafiq qaydada rəsmiləşdirilib.


Araşdırma zamanı qeyd olunan məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib.


Belə ki, 85 nömrəli məktəbin yeni istifadəyə verilmiş ikimərtəbəli korpusun birinci və ikinci mərtəbələrinin dəhlizlərinin, sinif otaqlarının və sanitar qovşağın divarlarında müxtəlif uzunluqlu, qalınlıqlı və müxtəlif istiqamətli, o cümlədən binanın daxilinə keçən çatların olması, habelə sinif otaqlarının bir qisminin döşəməsinin taxtalarının qismən çürüməsi aşkar edilib. Bundan əlavə, görülmüş işlərin qəbuluna dair 2 nömrəli formada əks olunmasına baxmayaraq içməli və çirkab su anbarları və ventilyasiya sistemi, sinif otaqlarının döşəmə hissəsində beton təbəqəsi faktiki inşa edilməyib. Beləliklə müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341.965 manat olan 85 saylı məktəbdə "Azərbərpa" MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35.261 manat şişirdilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək, dövlət vəsaiti mənimsənilib.


123 saylı məktəbin yeni istifadəyə verilmiş üçmərtəbəli və ikimərtəbəli 4 korpusunun birinci və ikinci mərtəbələrinin dəhlizləri, sinif otaqlarının divarlarında müxtəlif uzunluqlu, qalınlıqlı və müxtəlif istiqamətli, o cümlədən binanın daxilinə keçən çatların olması müəyyən olunub, görülmüş işlərin qəbuluna dair 2 nömrəli formada əks olunmasına baxmayaraq korpuslar üzrə taxta döşəmənin altına beton qatının verilmədiyi və havalandırma ilə təchiz olunmadığı aşkar edilib.


Araşdırma zamanı 849.821 manat smeta dəyəri olan 123 saylı məktəbdə "Ramil" müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən iş həcminin 50.359 manat şişirdildiyi, 28.793 manat məbləğində işin isə ümumiyyətlə görülməyərək, dövlət əmlakının mənimsənildiyi aşkar edilib.


Layihə-smeta sənədlərindən kənarlaşmalara, keyfiyyətsiz işlər görülməsinə və bu kimi digər qanun pozuntularına baxmayaraq qeyd olunan məktəb binaları Təhsil nazirliyinin müvafiq komissiyası tərəfindən qəbul olunmaqla istismara verilib.


Kifayət qədər əsaslar olduğundan toplanmış material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən qeyd olunan məktəblərdə əsaslı tikinti işlərini həyata keçirmiş "Azərbərpa" MMC və "Ramil" firmasının vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və küllü miqdarda özgə əmlakını mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə bağlı cinayət işi başlanıb.


Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Cinayət işi üzrə tam, hərtərərfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar