Türkiyədə 13 əsgər şəhid olub
15 iyul 2011 10:38 (UTC +04:00)

Türkiyədə 13 əsgər şəhid olub

Türkiyəyə yenə şəhid xəbəri gəlib.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, iyulun 14-də yerli vaxtla saat 16:45 radələrində Diyarbəkirin Silvan rayonunun Dolapdere və Kulp rayonunun Küplü kəndləri arasında meşəlik ərazidə 1 gün öncə qaçırılan 2 əsgəri və 1 mülki şəxsin axtarışı ilə məşğul olan 40 hərbçiyə PKK terror təşkilatının üzvləri atəş açıblar.

Əsgərlər günorta saatlarında axtarışları dayandırıb, nahar etmək üçün bir yerə toplaşdıqları zaman terrorçuların pusqusuna düşüblər. Terrorçuların atdığı bomba partlayıb və yanğın başlayıb. Nəticədə 13 əsgər şəhid olub, 2-i ağır olmaqla, 7 əsgər yaralanıb. Atışma zamanı 7 terrorçu öldürülüb. Bu, PKK terror təşkilatının ilk dəfə günorta saatlarında həyata keçirdiyi hücumdur.

Bu olaydan dərhal sonra baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Silahlı Qüvvələrin Baş Qərargah rəisi və milli təhlükəsizlik müşavirinin iştirakı ilə toplantı keçirilib. Toplantıdan sonra Quru Qoşunları və Jandarma baş komandanları bölgəyə yollanıb. Baş nazirin müavini Bekir Bozdağ və daxili işlər naziri İdris Naim Şahin də bu gün səhər saatlarında Diyarbəkirə yollanıblar.


Prezident Abdulla Gül olayla bağlı deyib ki, Türkiyənin inkişaf etməsi, demokratiyanın güclənməsi və problemlərin həll edilməsi sahəsindəki irəliləyişlər terror təşkilatını narahat edir: “Ancaq qan tökərək, insanlara kədər yaşadaraq məqsədlərinə nail olacaqlarını düşünənlər yanıldıqlarını anlayacaqlar”.


Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, terror aktlarını törədənlərin məqsədi aydındır: “Onların məqsədinə çatmasına yol verməyəcəyik. Türkiyə bütün problemlərlə yanaşı, terrorun da öhdəsindən gələcək”.


CHP sədri Kamal Kılıçdaroğlu yaydığı açıqlamada vurğulayıb ki, terror insanlığa qarşı cinayətdir: “Bu dövrdə önəmli olan hökumətin terrorla mübarizə sahəsində nə etdiyi, hansı addımlar atdığıdır. İctimaiyyət AKP hökumətinin kimlərlə danışdığını, nəyin bazarlığını apardığını bilmir”.


MHP lideri Dövlət Bağçalı vəziyyətin bu həddə çatmasında günahın terrorla mübarizəni zəiflədən AKP hökuməti və Rəcəb Tayyib Ərdoğan olduğunu vurğulayıb: “Türkiyə müəyyən bölgələrində dövlət təsirinin aradan qaldırıldığı qaranlıq bir dönəmə daxil olub. Terror təşkilatı və Türkiyənin bölünməsini istəyənlərin ən böyük ümidləri, cəsarət qaynaqları baş nazir Rəcəb Tayyib Ərdoğandır. AKP hökuməti terrorla mübarizə sahəsində üzərinə düşən vəzifəni yerinə yetirmir. Baş nazir açılım siyasətindən əl çəkməlidir. MHP gec də olsa, Rəcəb Tayyib Ərdoğan hökumətinin ağlını başına alaraq terrorla mübarizə istiqamətində atacağı səmimi addımları dəstəkləyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar