Arvadını öldürəndən 9 ay sonra intihar edən narkomanın inanılmaz dramı
09 iyul 2011 16:39 (UTC +04:00)

Arvadını öldürəndən 9 ay sonra intihar edən narkomanın inanılmaz dramı

2010-cu ilin oktyabrında Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ailə münaqişəsi zəminində baş verən bu qətl hadisəsi beş yaşlı qız və üç yaşlı oğlanın gözü qarşısında törədilib. Xəzər rayon sakini Rövşən Əsədullayev münaqişə zəminində həyat yoldaşı Kəmaləyə 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib, qaynanası Zərxanımı isə döş qəfəsindən bir neçə bıçaq zərbəsi vuraraq ağır yaralayıb. O, daha sonra özünü öldürmək məqsədi ilə arvadını öldürdüyü bıçaqla damarını kəsərək intihar etmək istəyib, lakin bu məqsədinə nail ola bilməyib.

Lent.az uşaqlarının gözü qarşısında bu qətli tərədən Rövşən Əsədullayevin barəsində olan cinayət işini təqdim edir.


2004-cü ildə Rövşənlə Kəmalə ailə qururlar. Bu izdivacdan onların iki uşağı olur. Maddi çətinlik çəkdiyindən kirayə pulunu ödəyə bilməyən Rövşənə qayınatası həyətyanı sahə verir. Rövşən burda ev tikir. Lakin ailə daxilində münasibətlər yaxşılaşmaq əvəzinə daha da gərginləşir. Buna səbəb ər və arvadın hər ikisinin narkotik aludəçisi olması idi...


“Yoldaşım da, mən də heroin vururduq...”

Belə ki, Kamələnin iki qardaşı narkotik alverindən həbs olunmuşdu. Onlar həm narkotik alverçisi, həm də istifadəçisi idilər. Qardaşların həbsindən sonra evdə qalan heroini Zərxanım qızı Kəmalə vasitəsi ilə satışa çıxarmaq istəyir. Lakin Rövşən buna qarşı çıxır. Çünki o, Kəmalənin də qardaşları kimi həbs olunacağından qorxurdu. Evdə hər zaman heroinin olması Kamalədə də onlardan istifadə marağını artırmışdı. Kamalə narkotik vasitəni qəbul edir və eyni zamanda yoldaşı Rövşənə də həmin narkotik vasitədən gətirirdi. Ər və arvad həmin heroini inyeksiya yolu ilə qəbul edirlər, yəni damarlarına vururlar. Rövşən sonradan istintaqa ifadəsində heroini suda qaynatdığını və damarına vurduğunu söyləyir: “Yoldaşım da, mən də heroin vururduq. Bəzən elə vaxtlarımız olurdu ki, heroini uşaqların gözü qabağında vurduğumuzun belə fərqinə varmırdıq. Artıq narkotiksiz qala bilmirdik”.


“Qaynanam arvadımı məcbur edirdi ki, heroini satsın”

Zərxanım evdə olan heroini satmaq üçün Kəmaləyə verir. Kəmalə də Rövşəndən xəbərsiz heroni satmağa başlayır. Bundan xəbər tutan Rövşənlə Kəmalə arasında dava-qırğın başlayır. Rövşənin Kəmaləyə mane olduğunu görən Zərxanım Rövşəndən qurtulmağın yollarını fikirləşir. Sonda o, belə qərara gəlir ki, Kəmalənin rahat narkotik alveri eləməsi üçün Rövşənin həbsdə olması daha məqsədəuyğundur. Belə ki, o, Kəmaləyə saxta pul verərək onları Rövşənə verməsini və Rövşənin həmin pulu xırdalayan zaman polis tərəfindən həbs olunacağını fikirləşir. Kəmalə də anası ilə razılaşır. Lakin Rövşən bunlardan xəbər tutur. Qaynanasıgilə gedərək Kəmalənin narkotik satmağa məcbur etməyə son qoymasını tələb edir. Zərxanımgildə mübahisə edən Rövşəni Kəmalə sakitləşdirərək evə gətirir. Evdə isə Rövşənlə Kəmalə arasında dava başlayır. Kəmalə Rövşənin maddi vəziyyətinin pis olmasını səbəb gətirərək narkotik satışına davam edəcəyini bildirir. Bu, Rövşənin qəzəbini artırır. Aralarındakı mübahisə daha da qızışır. Səs küyə gələn uşaqların gözü qabağında Rövşən mətbəx bıçağı ilə Kəmaləyə zərbələr endirməyə başlayır. Aldığı ağır zərbələrdən qadın qanlar içində yerə sərilir. 17 bıçaq zərbəsi alan Kəmalə yerindəcə keçinir.


Kəmalənin öldüyünü görən Rövşən qaynanası Zərxanımı öldürmək qərarına gəlir. O, eyni həyətdə yaşayan Zərxanımı görərək üstünə cumur və bir neçə bıçaq zərbəsi endirir. Zərxanım huşunu itirərək yerə yıxılır. Rövşən Zərxanımın da öldüyünü fikirləşib daha sonra özünü öldürmək qərarına gəlir. O, arvadını qətlə yetirdiyi bıçaqla damarlarını kəsir.


Beş yaşlı qız sayəsində həyatları “qurtulan” ata və nənə

Bu zaman hadisələrin şahidi beş yaşlı qız dərhal qonşuya gedərək “atam anamı və nənəmi öldürüb, təcili yardım çağırın” deyir. Qonşu beş yaşlı uşağın sözlərinə inanmasa da, dərhal hadisə yerinə gəlir. Bütün bunlardan dəhşətə gələn qonşu hadisə yerinə polis və təcili yardım çağırır. Hadisə yerinə gələn təcili yardım yaralı olan Zərxanımı və damarlarını doğrayan Rövşəni xəstəxanaya aparır. Onların hər ikisinin həyatını xilas etmək mümkün olur.


Baş vermiş cinayət işi ilə əlaqədar Rövşən barəsində cinayət işi başlanır. O, cinayət məsuliyyətinə cəlb olunur. İbtidai və məhkəmə istintaqı zamanı Rövşən törətdiyi cinayəti etiraf edərək bu hadisənin baş verməsinin əsas səbəbi kimi qaynanası Zərxanımı göstərir. Lakin aparılan istintaqla Zərxanımı cinayət məsuliyyətinə cəlb etmək üçün heç bir sübut tapılmır.

Rövşən Əsədullayev barəsində olan cinayət işinə Bakı Ağır Cəza Məhkəməsində baxılır. Məhkəmənin hökmü ilə Rövşən 14 il müddətinə azadlıqdan məhrum edilir.


9 ay sonra gerçəkləşən intihar

Rövşən arvadını öldürdükdən sonra özünü də öldürmək istəsə də buna nail ola bilməmişdi. Lakin düz 9 ay sonra, yəni bu günlərdə bu istəyinə nail olub: cəza çəkdiyi müəssisənin hamamında özünü dəmir borudan asaraq intihar edib.

İndi iki azyaşlı uşaq yetim qalıb: atasının anasını öldürdüyü səhnəni görən körpələr...

Fərid Əkbərov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar