Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə BQXK arasında müqavilə imzalanıb – FOTO
27 yanvar 2011 19:51 (UTC +04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə BQXK arasında müqavilə imzalanıb – FOTO

APA-nın məlumatına görə, iclasda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Şerin Pollini və qurumun müdafiə məsələləri üzrə əlaqələndiricisi xanım Silvi Qrenişer də iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb və müharibə vəziyyəti davam edir. Bu isə əsir və girov kimi humanitar problemin, insan taleyi və iztirablarının davam edəcəyi baxımından ciddi narahatlıq doğurur. Ötən il Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş Azərbaycan hərbçilərinin meyitlərinin uzun müddət qaytarılmaması ilə bağlı böyük ictimai rezonans doğurmuş hadisəni xatırladan E. Mahmudov vurğulayıb ki, bu, həmin ölkənin beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.

Sonra Dövlət Komissiyasının 2010-cu il ərzindəki fəaliyyəti barədə işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış edib.

Məruzə ətrafında müzakirələrdə qurumun fəaliyyətinin qənaətbəxş olduğu, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğu bildirilib.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və koordinasiya işinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Komissiyanın katibi Şahin Sayılov və Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin sədri Novruzəli Aslanov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə Sazişi”nin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasda çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ş. Pollini təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb. İtkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu qeyd edən BQXK nümayəndəsi bu istiqamətdə göstərdikləri yardıma görə Azərbaycanın müvafiq orqanlarına minnətdarlığını bildirib.

Sonra BQXK ilə Dövlət Komissiyası arasında BQXK tərəfindən irəli sürülmüş “Ante Mortem/Post Mortem məlumat bazasının istifadəsi” üzrə proqram təminatı Müqaviləsi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar