“Mira” gəmisinin heyəti ilə bağlı şok iddia
22 may 2009 15:30 (UTC +04:00)

“Mira” gəmisinin heyəti ilə bağlı şok iddia

Gəminin məxsus olduğu şirkət: Heyət gəmini 6 ay əvvəl Hindistana qaçırıb, onlar gəmini qəsdən batırmaq istəyirdilər


“Hindistanda saxlanılan “Mira” gəmisinin heyəti gəmini 6 ay əvvəl Dubaydan Hindistana qaçırıb. Onlar dəniz quldurları kimi qaçırdıqları gəmini “Mira Dənizçilik” şirkətinin borclu olduğu İngiltərənin “Culborne Marina Finans” bankına təhvil vermək istəyirdilər”.


Bu eksklüziv açıqlamanı APA-ya “Mira Dənizçilik Şirkətinin ortaqlarından biri olan Ahmet Yılmaz deyib. Onun sözlərinə görə, “Mira Dənizçilik” Şirkətinin “Culborne Marina Finans” bankına 6 milyon 700 min dollar borcu olub. Şirkətin maliyyə durumu imkan vermədiyindən həmin borcun qaytarılması bir qədər gecikib: “Buna görə də bank bizim malımıza, mülkümüzə əl qoydu, gəmiləri satmağa çalışdılar. “Mira” gəmisində olan heyətə da gəmini Dubayda Hindistana qaçırmaları üçün pul verdilər. Həmçinin, onlara zəmanət verdilər ki, bütün problemləri həll olunacaq. Amma sonra biz banka və gəminin heyətinə qarşı məhkəmə iddiası qaldırdıq və buna görə də bankın gəmini satmaq istəyi baş tutmadı. Aradan 6 ay zaman keçdi. İndi isə bank bizimlə razılaşmaq istəyir. Hətta bizim onlara borclu olduğumuz puldan da imtina etdiklərini bildirirlər”.


Ahmet Yılmaz bildirib ki, məhkəmə iddiasından sonra İngiltərə bankı gəmi heyətinə verdiyi zəmanətin üstündə dayanmayıb və vəziyyətin belə olduğunu görən heyət isə gəmini batırmağa çalışıb: “Onlar gəmini batırmağa çalışdılar və gəmidən qaçdılar. Son anda “Mira”nı batırmağa çalışdılar. Çünki bank bir neçə ay onları gözlətdi və sonra imkanı əldən verdiklərinə görə bu addımı atdılar. Onlar daha müsbət addım ata bilərdilər, amma bunların heç birini etmədilər”.


A.Yılmaz bildirib ki, şirkət gəmini batmağa qoymayacaq və bu məqsədlə gəmiyə yeni heyət göndərilib. O, gəminin qiymətinin 5 milyon dollar olduğunu qeyd edib: “Biz banka və heyətə qarşı qaldırdığımız iddiadan geri çəkilmək niyyətində deyilik. Onlar gəmini qaçırıblar və bu qanundan kənar bir addımdır”.

Qeyd edək ki, “Mira” gəmisi bir neçə ay əvvəl Hindistanın sahil sularında saxlanıb, yerli hökumət üzərinə həbs qərarı qoyulan gəminin heyətinə sahilə çıxmağa icazə verməyib. Türkiyə şirkətinə məxsus “Mira” gəmisi borca görə bank tərəfindən Hindistan hökumətinə metal tullantısı şəklində satılıb. Lakin sonradan gəminin daha iki sahibinin olduğu ortaya çıxıb və bankın qərarından narazı olan həmin şəxslər məhkəməyə müraciət ediblər. İş hələ də Hindistan məhkəməsinin icraatındadır və qərar verilənə kimi gəminin Hindistanın ərazi sularında qalmasına qərar verilib. Azərbaycan və Türkiyə hökumətlərinin apardığı diplomatik danışıqlardan sonra gəminin 24 nəfərlik heyətinin sahilə çıxmasına icazə verilib. Hazırda həmin şəxslərin vətənə qaytarılması istiqamətində iş görülür. Heyət üzvləri arasında 8 nəfər Azərbaycan vətəndaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar