Millət vəkilini hədələyən nardaranlılara hökm oxundu
21 aprel 2009 17:30 (UTC +04:00)

Millət vəkilini hədələyən nardaranlılara hökm oxundu

Bu gün Sabunçu rayon Məhkəməsində millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsirləndirilən Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkil Əlövsət Ağamoğlanov Lent.az-a bildirib ki, hakim Yusif Kərimovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra vəkillər və təqsirləndirilən şəxslərə çıxış üçün söz verilib. Vəkillər müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslər isə əməllərində cinayət tərkibi olmadığını əsas gətirərək, bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən Hacı Əli Hüseynov 1 il və Hacı Hikmət Vəliyev 1 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsinə dair səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nardaran sakinləri Hacı Əli Hüseynov, fevralın 3-də isə Hacı Hikmət Vəliyev şübhəli şəxs qismində saxlanılıblar.

Şəhriyar Əlizadə
# 922

Oxşar yazılar