Sürücülərin ........ cərimə meydançaları
01 aprel 2009 18:30 (UTC +04:00)

Sürücülərin ........ cərimə meydançaları

Maşınların cərimə meydançasından reportaj


Paytaxtda avtomobillərin sayının gündən-günə artması ciddi problemlər yaradır. Həm yol qəzalarının sayı artır, həm tıxaclar əmələ gəlir. Savadsız sürücülərin avtomobil idarə etməsi yollarda vəziyyəti daha da gərginləşdirir.

Bu gün sürücüləri narahat edən məsələlərdən biri isə avtomobillərinin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin cərimə meydançasına aparılmasıdır. Avtomobillərin sayının çox olması və kifayət qədər avto-dayanacaq olmaması onların maşınlarını saxlaması üçün çətinlik törədir. Artıq sürücülər avtomobili şəhərdə saxlayıb harasa getməyə qorxur. Bütün sürücülər də eyni sözü təkrar edirlər: “Bir dəqiqənin içində çıxdım ki, maşın yoxdur”, “Sıra ilə avtomobillər dayanır, gəlib ortadan mənim maşını götürüb aparırlar. Qadağan olunub, bəs başqalarını niyə aparmırlar”.

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün söhbət gedən əraziyə baş çəkib oradan reportaj hazırlamaq qərarına gəldik.

Gündə 70-80 maşın

Cavanşir körpüsünün altında yerləşən və ilk baxışdan avtomobil dayanacağını xatırladan cərimə meydançasında səhər saatlarında 44 maşın var idi. Əraziyə nəzarət edən əməkdaşların söylədiklərinə görə, həmin avtomobillər bir neçə gün əvvəl meydançaya gətirilib: “Gün ərzində demək olar ki, 70-80 avtomobil gətirilir. Biz yalnız əraziyə daxil olan maşınların qeydiyyatını aparırıq, bir də dövlət nömrə nişanlarını açırıq. Qalan məsələləri isə Respublika Dövlət Yol Polis İdarəsində həll etmək lazımdır. Orada, dördüncü mərtəbədə Altay müəllim var. Onun yanına gedib, akt yazdırıb, cərimə ödəyib, sonra maşını buradan çıxarmaq lazımdır”.

İlk cərimələnən “Nissan” oldu

Əməkdaşlarla söhbət zamanı evakuator günün ilk cərimə olunan avtomobilini əraziyə gətirdi. “Nissan” markalı avtomobilin sürücüsü Anar maşınının 4 saylı şəhər xəstəxanasının qarşısından apardıqlarını söyləyir. “Girdim, tez pul verib çıxdım, gördüm maşını artıq yükləyiblər. Nə qədər dedim, xeyri olmadı. Tələsdiyim yerdə bu da bir tərəfdən çıxdı. Bütün maşınlar sıra ilə düzülüb, gəlib təkcə mənim maşınımı aparırlar. Belə iş olar?”

Bu vaxt “Wolksvagen – Passat” markalı avtomobildə iki polis əməkdaşı gəlib, qarşı tərəfdəki kabinetə keçdilər. Əməkdaşlar sürücüyə işarə ilə “rəis gəldi, yanına get, gör, nə deyir, bəlkə razılığa gəldiniz”, - dedilər.
Rəisin kabinetinə daxil olan sürücü bir azdan gülə-gülə çıxıb, avtomobilinə əyləşib, ərazidən uzaqlaşdı. Artıq Respublika Dövlət Yol Polis İdarəsinə getməyə ehtiyac olmadı.

“Birinci dəfə deyil ki...”

Evakuatorun əraziyə gətirdiyi ikinci avtomobil isə “VAZ 2107” oldu. Əsəbi sürücü avtomobildən düşən kimi dövlət nömrə nişanını maşından açmağa çalışan əməkdaşlarla mübahisəyə başladı: “Əşi, sizin insanlığınız yoxdur? Görürsünüz ki, girirəm, rəisin yanına də. Niyə nömrəni açırsınız? Birinci dəfə deyil ki”.

Bu dəfə də əvvəlki vəziyyət təkrarlandı. Rəisin yanına əsəbi girən sürücü elə çıxıb, avtomobilini sürüb getdi.


“Adamları çıxart, təklikdə danışaq”

Cərimələnən növbəti avtomobil isə “Mercedes” oldu. Həyat yoldaşını və balaca qızını gəzməyə aparan sürücü avtomobilini qadağan olunmuş ərazidə saxladığına görə yolunu cərimə meydançasından salmalı olmuşdu. Ailəsi ilə birlikdə rəisin yanına daxil olan sürücüyə qoşulub, biz də kabinetə girdik və rəislə sürücü arasında olan maraqlı bir dialoqun şahidi olduq.

Sürücü: Rəis uşaqları gəzməyə aparırdım (əli ilə şirinquş sümürən balaca qızını göstərir). Düşüb mağazaya girən kimi gördük maşını götürürlər. Mən nə bilim orda maşın saxlamaq olmaz. Orada o qədər maşın dayanıb.

Rəis: Bilirsən, qardaş qadağan olunan yerdə saxlamısan, maşını gətiriblər. Gərək, hamınız maşından düşməyəydiniz. Avtomobildə adam olanda problem olmur.

Sürücü: Qadan alım rəis, birtəhər elə çıxıb gedək.

Rəis: Yox, qardaş, bu, çox çətin məsələdir. Getməlisən Respublika Dövlət Yol Polis İdarəsinə, akt yazdırmalısan, cərimə ödəməlisən. Ona da bir gün vaxt gedir.

Sürücü: Rəis müsəlmançılıqdı. Gəl, bunu yoluna qoyaq. Məni dağa-daşa salma.

Rəis: Yaxşı adamları bayıra çıxart, təklikdə danışarıq. Görürəm, yaxşı oğlansan.

5 dəqiqədən sonra sürücü ailəsi ilə birlikdə avtomobilinə əyləşib, ərazidən uzaqlaşır.

“Mamed müəllimin adamısan?”

Evakuatorun meydançaya gətirdiyi ikinci “Mercedes”in sürücüsü isə sənədlərinin düzgün olmamağından narahat idi: “Deyirlər, sürücülük vəsiqəsi ilə texniki pasport lazımdır. Maşın mənim adıma deyil. Rəis də deyir ki, Respublika Dövlət Yol Polis İdarəsinə getmək lazımdır. Bir tanışım var, istəyirəm ona zəng edəm”.

Telefonla Mamed adlı bir şəxslə danışan sürücünü bir az keçmiş rəis özü kabinetinə dəvət edir: “Mamed müəllimin adamı sənsən? Bəs niyə bayaqdan demirsən?”

Rəislə məsələni tanışlıq yolu ilə həll edən sürücünün qarşısını bu zaman cərimə meydançasına nəzarət edən əməkdaşlar kəsirlər: “Qardaş, şirinliyimizi ver, sonra maşını götür”.

5 manat şirinliklə əməkdaşları razı salan sürücü axır ki, avtomobili ilə birlikdə meydançanı tərk edir.

“Uşaqlar məni işə salıblar”

Cərimələnən avtomobil sahiblərindən biri isə taksi sürücüsü işlədiyini deyir: “Uşaqlar televizoru xarab ediblər. Televizoru ustaya verib çıxdım ki, maşın yoxdur. Gəldim bura dedilər, idarəyə getməlisən. Bir təhər bunlarla 58 manata razılaşdım ki, bir də o qədər yolu getməyim. Uşaqlar məni işə salıblar”.

Bura Azərbaycandır

Evakuator maşınında çalışan əməkdaşlardan biri isə avtomobillərin hansı qayda ilə meydançaya gətirilməyini dəqiq bilmədiyini deyir: “Mən ancaq maşınları evakuatordan düşürürəm. Dəqiq bilmirəm, niyə sıradan yalnız bir maşını götürürlər. Hər halda bura Azərbaycandır. Bunu başa düşmək lazımdır”.


“Sürücülər bəzən cəriməni yerində ödəyirlər”


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Ərəstun Məcidov isə Lent.az-a bildirib ki, hər gün təxminən 55-60 maşın cərimələnir: “Bizim 10 ədəd evakuator maşınımız var. Cərimə qiymətinə gəlincə, bu, 15 manatdan 20 manata kimidir. Bundan əlavə hər cərimə olunan avtomobil sahibi evakuatorla daşınma haqqı olaraq, əlavə 20 manat ödəməlidir. Qanuni yolla cərimələrin ödənilməsi bizim idarədə aparılır. Bu dəqiqə hamının polisdə tanışı var. Bəzən kimsə tanışlıq yolu ilə məsələni həll etməyə çalışır. Biz də vətəndaşların əziyyət çəkməsini istəmirik. Avtomobili meydançaya aparılan sürücülər bəzən cəriməni yerində ödəyərək, maşınları oradan çıxarırlar”.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2003

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27