Çelik “Ergenekon”da adının hallanmasına münasibət bildirdi
11 mart 2009 11:00 (UTC +04:00)

Çelik “Ergenekon”da adının hallanmasına münasibət bildirdi

“Prokurorun mətbuatda çıxan və mənə ünvanlanmasını istədiyi sualları hələ almamışam. Mənə hər hansı rəsmi çağırış gəlməyib. Hörmətli prokurorun ifadə verməyimi istədiyi məhkəməyə daha əvvəl ifadə vermişdim”.

APA-nın xəbərinə görə, bu sözləri Bakıda çalışan sənətçi Çelik Erişçi Türkiyənin “Hürriyet” qəzetinə açıqlamasında deyib. İstefada olan mayor, “Dost” adlı təriqətin lideri İhsan Güvən və həyat yoldaşı Sibel Güvənin qətlinin araşdırıldığı məhkəmə prosesinə zorla gətirilməsi barədə qərar çıxarılan Çelik vaxtilə İ. Güvənlə yaxınlığını təsdiqləyib: “İhsan Güvən Atatürk ideyalarına bağlı bir mayor idi. Hər hansı gizli təşkilatla əlaqəsi yox idi. Hörmətli prokurorun suallarına gəlincə, Şənər Əruyğur paşanı həyatım boyu görməmişəm. Onu mətbuatdan tanıyıram. Bir sənətçi olaraq, Türk Silahlı Qüvvələri, Mehmetcik Vəqfi və qazilərimiz üçün məndən dəstək xahiş olunduqda əlimdən gələni etməyə çalışmışam. Hər türk övladının etməsi gərəkən nə lazımdırsa, onu etmişəm”.

Çelik “Ergenekon” məsələsi ilə bağlı həbs olun++muş yazıçı Ərgün Poyrazı da tanıdığını söyləyib: “Onunla İhsan Güvən bəyəfəndinin yanında tanış olmuşam. İ. Güvən onu hər zaman tərifləyər, “vətənini satanlara qarşı canını ortaya qoyaraq mübarizə aparır”, deyərdi. Bu səbəblə onun bütün kitablarını oxumuşam. Mənim rəhmətlik İhsan Güvənlə fikir birliyi içində olduğum doğrudur. Bu fikir Atatürk ideyalarıdır. Bu, gizli bir şey deyil. Olduğum hər yerdə fikirlərimi açıq bildirmişəm, kitab da yazmışam. AKP hökuməti iş başına gəlməzdən altı ay əvvəl də “Acil durum” (fövqəladə vəziyyət – red.) adlı manhı bəstələdim. Öldürülmədiyim üçün şübhəli durumda olmağıma gəlincə, nə deyəcəyimi, öldürülmədiyim üçün kimdən və necə üzr istəyəcəyimi bilmirəm”.

Qeyd edək ki, “Ergenekon”la bağlı cinayət işinin istintaqını aparan prokuror Zəkəriyyə Öz istefada olan mayor İhsan Güvən və həyat yoldaşının öldürülməsi ilə bağlı cinayət işinin araşdırıldığı və 7 nəfərin mühakimə olunduğu məhkəməyə raport göndərib. Z. Öz 18 fevral 2009-cu il tarixli raportunda yazıb ki, Çelik Erişçinin fikir birliyi içində olduğu İhsan Güvən, həmçinin tarixçi Nəcib Hablemitoğlu kimi öldürülməməsi düşündürücü və qəribədir, sənətçinin Şənər Əruyğur və Ərgün Poyrazla əlaqəsinin olması isə diqqət çəkicidir: “Müğənni Çeliyin 2002-ci ildə öldürülən Nəcib Hablemitoğlu və 2004-cü ildə öldürülən İhsan Güvənlə birgə çəkilmiş fotoları var. Çeliyin birgə şəkil çəkdirdiyi və fikir birliyi içində olduğu bu şəxslərin ikisinin də cinayətə qurban getməsi, amma eyni ideologiyanı daşımasına baxmayaraq, Çeliyə bir şey olmaması düşündürücü və qəribədir. Çeliyin gizli təşkilat mənsubları Ərgün Poyraz, Şənər Əruyğur və digər təşkilat üzvləri ilə əlaqələri göz önünə alındıqda bu şəxslərin təşkilatın direktivi ilə öldürüldüyü şübhəsi güclənir”.

Z. Öz Ç. Erişçinin “Ergenekon”la bağlı həbs olunmuş istefada olan polkovnik Atilla Uğurla da yaxınlığı və onun göstərişləri əsasında çalışdığına dair iddialar olduğunu qeyd edib. O, 2004-cü il mayın 4-də İstanbulun Tuzla rayonundakı evlərində qətlə yetirilən İ. Güvən və S. Güvənin “Ergenekon”un üzvü olduqlarını və bu təşkilat tərəfindən öldürüldüklərini bildirərək cinayətlə bağlı Çeliyin ifadəsinin alınmasını istəyib. İstanbul 14-cü Ağır Cəza Məhkəməsi raportla tanış olduqdan sonra fevralın 25-də Çelik Erişçinin zorla məhkəməyə gətirilməsi haqqında qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235

Oxşar yazılar