“Fərda dəri-zöhrəvi xəstəliyinə tutulmuşdu”
13 may 2010 12:00 (UTC +04:00)

“Fərda dəri-zöhrəvi xəstəliyinə tutulmuşdu”

Şahid: “Onunla saunaya gedən rəfiqəm də xəstəliyə yoluxdu”

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Təqsirləndirilən Cavidan Amirovun əmisinin həyat yoldaşı Nazxanım Amirova C.Amirovun çox işgüzar uşaq olduğunu söyləyib: “Cavidan Bakıda fəhlə işləyirdi. Əlləri həmişə qabar olurdu. Onun cinayət törətdiyinə inanmıram”.


Sonra prosesdə Nemət Novruzov şahid qismində ifadə verib. O, təqsirləndirilən şəxslərdən Nadir Əliyevi tanıdığını söyləyib: “Nadirin dayısı oğlu Rafael mənim qonşumdur. Keçən il aprelin 30-da Rafael mənə Nadirin öldüyünü televizordan eşitdiyini dedi. Biz Rafaellə Nadirin bacısı Sədaqətgilə getdik. Onlara təzə çatmışdıq ki, Nadir təlaş içində gəldi. Nadir şəxsiyyət vəsiqəsini istəyirdi ki, getsin, polisə sağ olduğu barədə məlumat versin. Vəsiqəni götürüb bir yerdə getdik. Yolda Nadirin telefonuna gizli nömrədən zəng gəldi. Nadir telefonu söndürüb, nömrəni içindən çıxarandan sonra telefonu mənə verdi. Mən də öz nömrəmi taxıb, həmin telefonu işlətdim”.


O, N.Əliyevdən akademiyada baş verən hadisədə əli olub-olmamağını soruşduğunu söyləyib: “Nadir mənə bu işdən xəbəri olmadığını söylədi. İstintaq vaxtı bizi üzləşdirəndə ondan bir də soruşdum. Bu dəfə heç bir cavab vermədi”.


Daha sonra prosesdə şahid Samirə Həziyevanın ifadəsi dinlənilib. S.Həziyeva “Exo Bar”da işləyən zaman F.Qədirovla görüşdüyünü söyləyib. O, təqsirləndirilənlərdən N.Əliyevi tanıdığını bildirib: “Fərda bara Nadir və Əziz adlı bir şəxslə gəlmişdi. Əziz mənim Rəna adlı rəfiqəmlə görüşürdü. Onlar bir yerdə bara gəlirdilər. Hesabı həmişə Fərda verirdi. Fərda içki içmirdi, ancaq meyvə şirəsi içirdi. Rəfiqəm Rəna Fərdanın məndən xoşlandığını söylədi. Fərda ilə bir-iki dəfə görüşdüm. Onunla bir yerdə saunaya getdim. Fərda 40 manat mənə verdi, 10 manat saunaya. O mənə deyirdi ki, Rusiyadan bura maşın almağa gəlib. Onun üstündə çoxlu pul olurdu. Bir dəfə cibindən bir dəstə 100 dollar çıxartdı. Nadir də həmişə Fərdadan pul istəyirdi”.


O, N.Əliyevin bara başqa bir Samirə adlı qıza görə gəldiyini söyləyib.


N.Əliyev şahidin yalan ifadə verdiyini bildirib: “Mən bara qıza görə gəlməmişəm. Bir dəfə gəlmişəm, onda da Fərdadan pul istəməyə. Həmin pulla evin kirayəsini verəcəkdim”.


S.Həziyeva F. Qədirovun dəri-zöhrəvi xəstəliyinə tutulduğunu da söyləyib: “Fərda Rəna ilə də görüşürdü. Onlar bir yerdə saunaya getmişdilər. Fərda ilə görüşəndən sonra Rəna xəstələnmişdi”.


Sonda digər şahidlər Nailə Süleymanova, Gülnar Məlikova, Etibar Amirov və Rüfət İsayevin ifadələri dinlənilib.


Proses mayın 14-də davam etdiriləcək.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.


Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.


Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar