Şahid: “Nadir dedi ki, Fərdanın cinayət törədəcəyindən xəbəri olub”
12 may 2010 12:45 (UTC +04:00)

Şahid: “Nadir dedi ki, Fərdanın cinayət törədəcəyindən xəbəri olub”

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi mayın 12-də davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Azərbaycanın Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin keçmiş zabiti Elmar Mehdiyev şahid qismində ifadə verib. O bildirib ki, məhkəmə zamanı sübuta yetirilməsə də Cinayət Məcəlləsinin 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham olunaraq tutulandan sonra Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılıb və təqsirləndirilən Nadir Əliyevi də həmin yerdən tanıyıb. Onun sözlərinə görə, N.Əliyevi təcridxanaya gətirəndən sonra törətdikləri cinayətə görə heç bir dustaq kamerasına qəbul etmirdilər: “Bundan sonra Nadiri məcburi şəkildə bizim kamerada saxladılar. Kamerada olduğumuz zaman Nadir hadisə barədə mənə bəzi məsələləri danışdı. Nadir dedi ki, Fərda Qədirovun cinayət törədəcəyindən xəbəri olub. Nadir onu da bildirib ki, Fərda bu barədə ona təklif edib və o da qorxusundan Fərda ilə razılaşıb. Amma hadisə baş verən gün ora getməyib”.

E. Mehdiyev Nadirin bir cür söz danışmadığını da söyləyib: “Bir neçə gün keçəndən sonra Nadir mənə söylədi ki, Cavidan Amirovun Ramin adlı tanışı olub. Həmin Ramin Neft Akademiyasında tələbə olub. Raminlə oxuduğu fakültənin dekanı arasında mübahisə olub. Cavidan da həmin dekanı öldürəcəyinə söz verib. Bundan sonra Nadirlə Cavidan akademiyaya gedərək, dekanın otağının yerini müəyyənləşdiriblər. Sonradan Fərda meydana çıxıb və akademiyadakı törədilən hadisəni planlaşdırıb. Plana görə, Nadir akademiyanın qapısında dayanmalı idi”.

E. Mehdiyev Nadirin F.Qədirovun silahı Gürcüstanda Sergey adlı şəxsin adına aldıqlarını, cinayət törədiləcəyi təqdirdə isə Mardun adlı şəxsin isə onlara 50 min ABŞ dolları verəcəyini də deyib: “Sifarişçi həmin pulun 1000 dollarını burda, 4000 dollarını isə Moskvada Nadirə verəcəkdi”.

Təqsirləndirilən N.Əliyev isə şahidin yalan ifadə verdiyini söyləyib: “Elmanla bir kamerada olan zaman o məni gündə döyürdü. Kamerada saxlanılan 8-10 nəfər hər gün məni döyür, cinayəti törətdiyim barədə ərizə yazmağa məcbur edirdilər. Elmar kamerada ağ parça asmışdı ki, əgər ərizəni yazmasan buradan özünü asacaqsan. Müstəntiq Fəxrəddin Pənahov isə Elmarın etdiyi hərəkətlərin qarşılığında cəzasını azaldacağına söz vermişdi”.

Prosesdə ifadə verən ADNA-nın tələbələri Orxan Heydərov, Nicat Quliyev və akademiyanın yeməkxanasında işləyən Nuriyyə Hilalova ifadələrində hadisə günü şahidi olduqları cinayət barədə danışıblar.

Proses mayın 13-də davam etdiriləcək.

Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.

Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar