Neft oğrularının məhkəməsi başladı
24 dekabr 2009 14:41 (UTC +04:00)

Neft oğrularının məhkəməsi başladı

Dekabrın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, “Kompaniya FF” MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Bakı şəhər sakinləri – İlham Həsənov, Rövşən Məmmədov, İlraq Salayev, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev və Tərtər rayon sakini Xanlar Quliyevin cinayət işi üzrə məhkəmə baxışı 2010-cu il yanvarın 8-nə təyin edilib.


İttihama görə, dəstə üzvləri cinayət əlaqəsinə girərək, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlayıblar. Onlar yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satışı ilə məşğul olublar.


Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən tutulublar.


Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci (oğurluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 177.3.2-ci (küllü miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar