Ukraynada müxalifət nümayəndələri Viktor Yanukoviçin 2012-ci ildən etibarən yaşadığı iqamətgahını ələ keçirib.
APA TV-nin xəbərinə görə, iqamətgahın müxalifətçilərin əlində olduğunu eşidən vətəndaşlar evi ziyarət etmək üçün bura axın ediblər. Mühafizəçilər jurnalistləri "Mejiqore"nin daxili və xarici ərazisi ilə ətraflı tanış ediblər.
Monoko Knyazlığının yarısı boyda olan malikanə əzəməti və dəbdəbəsi ilə diqqət çəkir.
Malikanədə bahalı köhnə model maşınlar, içki və qədim sənət əsərlərinin kolleksiyası, qızıldan düzəldilmiş tualet və hamam aksesuarları, eyni zamanda müxtəlif növ heyvanların saxlanıldığı bağça diqqəti çəkib. Əvvəllər malikanəyə 5 km. məsafədən yaxınlaşa bilməyən kiyevlilər indi malikanəni qarış-qarış gəziblər.
Ziyarətçilər burda olduqlarına hələ də inana bilmədiklərini deyiblər. Çünki malikanədə güclü mühafizə xidməti olub. Yanıkoviçin malikanəsində ziyarətçilərin təəccübünə səbəb olan gəmi şəklində qonaq evi, geniş qolf meydançası da var.
Qeyd edək ki, müxalifət nümayəndələri iqamətgahı ələ keçirsələr də, oranı dağıtmayıblar.