Dekabrın 26-da axşam saatlarında İran Xalq Mücahidləri Təşkilatının İraqdakı düşərgəsinə hücum olub, ölən və yaralananlar var
Tehran hakimiyyətin müxalif sayılan İran Xalq Mücahidləri Təşkilatının düşərgəsi raket zərbələrinə məruz qalıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 3 mücahid həlak olub, onu yaralanıb.
Təşkilat bu basqını arxasında İraq və İran hakimiyyətinin durduğunu bildirib.
Tehran onların silahı olduğunu iddia etsə də, əks tərəf silahları 2003-cü ildən sonra təhvil verdiyini bəyan edir.
Mənbə bildirib ki, son bir neçə ayda Bağdad yaxınlığında yerləşən bu düşərgə 4 dəfə raket zərbələrinə və silahlı basqına məruz qalıb. İki ay öncə belə hücumlardan biri nəticəsində yüzə yaxın mücahid qətlə yetirilmişdi.
Onların İraq ərazisindən köçürülməsi ilə bağlı ABŞ-la İraq hakimiyyəti arasında razılıq olsa da, bunu həyata keçirilməsi ləngidilir. Ötən ay ABŞ mücahidlərin köçürülməsinə yardım məqsədi ilə on milyon dollar maliyyə vəsaiti ayırıb.
Xatırladaq ki, İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şah dövründə, 1965-ci ildə yaradılıb.
Qeyd edək ki, İran Xalq Mücahidləri Təşkilatının üzvləri rəsmi Tehranın təzyiqi, İraq şiələrinin düşərgə qarşısında etiraz aksiyaları keçirməsi səbəbindən İraq hökumətinin qərarı ilə «Əşrəf» düşərgəsindən ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə köçürülüblər. 2011-ci ilin dekabrında BMT və İraq arasında imzalanmış müqaviləyə əsasən, İran Xalq Mücahidləri Təşkilatının üzvləri üçüncü ölkədə yerləşdirilənə qədər onlar “Camp Liberty”də qalmalıdırlar. Hazırda düşərgədə İran Xalq Mücahidləri Təşkilatının 1500 üzvü var.
Avropa Birliyi Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.