Rusiyanın Volqoqrad şəhərində dekabrın 29-da və 30-da törədilmiş terror aktları nəticəsində həlak olan və yaralananlar arasında azərbaycanlı yoxdur.
Bu barədə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad şöbəsinin İdarə Heyətinin sədri Teymur Həsənov məlumat verib. O bildirib ki, hələlik ölənlərin adları dəqiq bilinməsə də, bu saata olan məlumata əsasən zərər çəkənlər arasında azərbaycanlılar yoxdur.
Diaspora rəhbəri əlavə edib ki, hazırda şəhər əhalisi arasında təşviş və qorxu hökm sürür. Bütün tramvay və trolleybuslar demək olar ki, boşdur, insanlar işə piyada və ya minik avtomobillərində gedirlər.
T. Həsənovun sözlərinə görə, Azərbaycan diasporu ölənlərin ailələrinə və yaralılara yardım etməyi nəzərdə tutur.
Qeyd edək ki, dekabrın 29-da Volqoqradda dəmir yolu vağzalında, bu gün isə trolleybusda terror aktları törədilib. Vağzalda törədilən partlayışda 17 nəfər həlak olub, 40-dan çox adam yaralanıb. Trolleybusda törədilən partlayışda isə 12 nəfər ölüb, 23 nəfər yaralanıb.