Ukraynada son günlər kütləvi etirazlara və toqquşmalara səbəb olmuş qalmaqallı qanunlar parlamentin orqanı “Qolos Ukrainı” və hökumətin orqanı “Uryadovıy kuryer” nəşrlərində dərc olunaraq qüvvəyə minib. APA-nın “Ukrainskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, müxalifət bu qanunların ölkədə diktatura qurulmasına əsas yaratdığını bildirir və kütləvi etiraz aksiyalarını davam etdirəcəyini bildirir. Bu sənədlər aşağıdakılardır:
- Məhkəmə quruluşu və hakimlərin statusu haqqında qanuna dəyişikliklər edilməsi haqqında qanun;
- Deputatların saxlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsinə icazə verilməsi prosedurunun sadələşdirilməsi haqqında Ali Radanın reqlamentinə dəyişikliklər edilməsi haqqında qanun;
- Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində inzibati hüquqpozmalara görə məsuliyyət haqqında qanun;
- Futbol qarşılaşmaları zamanı inzibati hüquqpozmaları görə məsuliyyət haqqında qanun;
- Cinayət Prosessual Məcəlləyə qiyabi məhkəmə baxışı ilə əlaqədar dəyişiklik edilməsi haqqında qanun;
- Noyabrın 21-dən 26-na qədər ölkədə keçirilmiş dinc toplantıların iştirakçılarının (hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla) cinayət məsuliyyətindən azad edilməsi haqqında qanun;
- İkinci Dünya müharibəsi iştirakçılarının dəfn yerlərinin təhqir olunmasına görə məsuliyyət tətbiq olunması haqqında qanun;
- Faşistlərin və onların əlaltılarının əməllərini inkar etmək və ya bunlara bəraət qazandırmağa görə cinayət məsuliyyəti haqqında qanun.
Xatırladaq ki, bu qanunlar yanvarın 16-da Ali Radada hakimiyyət və müxalifət tərəfdarlarının qarşıdurması şəraitində, müzakirə olunmadan və elektron səsvermə aparatından istifadə olunmadan, Regionlar Partiyası və Kommunist Partiyasının deputatlarının əl qaldırması yolu ilə qəbul olunub. Müxalifət bu qanunların qəbulunu dövlət çevrilişi və diktaturaya hüquqi əsas yaratmaq cəhdi kimi qiymətləndirib və əhalini kütləvi etirazlara səsləyib. Yanvarın 19-da paytaxt Kiyevdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib, hər iki tərəfdən onlarla adam xəsarət alıb. Etirazlar davam edir.