Ukrayna prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok arasında imzalanan sazişin mətni açıqlanıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, tərəflər razılığa gəlib ki, kütləvi aksiyaların iştirakçıları inzibati binaları, küçə və meydanları boşaltmalı, əllərindəki qanunsuz silahları 24 saat ərzində dövlət orqanlarına təhvil verməlidir.
Tərəflər silah tətbiqindən imtina edəcəklərini və ölkədə fövqəladə vəziyyətin tətbiq olunmayacağını bildiriblər. Ali Rada aksiyalar zamanı saxlanılanların və hüquq pozuntularına yol verənlərin amnistiyası haqqında üçüncü dəfə qanun qəbul edəcək. Avropa Şurasının iştirakı ilə güc strukturlarının yol verdiyi zorakılıq aktları araşdırılacaq.
V. Yanukoviç və müxalifət liderləri 2014-cü ilin dekabrından gec olmayaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə razılığa gəliblər. Seçkiyə qədər yeni seçki qanunvericiliyi qəbul ediləcək və ATƏT-in, Venesiya Komissiyasının standartlarına, tövsiyələrinə uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq.
Tərəflər 2004-cü ilin Konstitusiyasına qayıtmağa da qərar veriblər. Prezidentin, parlamentin və hökumətin səlahiyyətlərini tənzimləyəcək Konstitusiya islahatına dərhal başlanacaq və bu proses 2014-cü ilin sentyabrında başa çatacaq. Bu islahat nəticəsində prezidentin səlahiyyətləri ixtisar ediləcək, parlament və hökumətin rolu artırılacaq.
***
18.20
Rusiya prezidentinin nümayəndəsi sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb
Ukrayna prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok ölkədə yaranmış böhrana son qoyulmasını nəzərdə tutan saziş imzalayıblar. APA-nın “Ukrainskaya pravda” qəzetinin saytına istinadən verdiyi məlumata görə, sazişə vasitəçi qismində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Fransa XİN-in departament rəhbəri Erik Furnye də imza atıb. Digər vasitəçi ölkə olan Rusiyanın ombudsmanı, prezident Putinin xüsusi elçisi Vladimir Lukin sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb.
İmzalanma mərasimindən əvvəl O. Tyaqnibokun təklifi ilə son günlər ölkədə baş vermiş toqquşmalarda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.