Ukrayna müxalifətinin liderləri Kiyevdə mitinq iştirakçıları qarşısında çıxış ediblər. UDAR partiyasının lideri Vitali Kliçko Qərb siyasətçiləri ilə görüşləri barədə məlumat verib. O, hakimiyyət və sistemin tam dəyişdirilməsinə çağırıb. Mitinq zamanı prezident Viktor Yanukoviçin istefası tələbi səslənib.
Ukrayna müxalifəti Avropadan ölkədə demokratiyanın bərpası və əhalinin müdafiəsi istiqamətində qətiyyətli addımlar atmağı tələb edib.
“Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk isə Qərbə maliyyə yardımı üçün müraciət etdiklərini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna müxalifəti ilə Qərbdəki müttəfiqləri nələrin edilməli olduğunu və buna nə qədər vəsaitin lazım olduğunu müəyyənləşdiriblər.
Ukrayna hakimiyyəti hesab edir ki, müxalifətin əsas tələbləri yerinə yetirilib. Etiraz aktivliyini məhdudlaşdıran qanunlar ləğv edilib, amnistiya qanunu imzalanıb. Lakin müxalifət Maydan fəallarının qanunda nəzərdə tutulan şərtlər olmadan azadlığa buraxılmasını, nümayişçilərin oğurlanması və döyülməsi faktlarının araşdırılmasını tələb edir. Əsas tələblərdən biri də Konstitusiya islahatının keçirilməsidir.
İndi hamı parlament sessiyasının başlanmasını gözləyir.