Gürcüstan hərbi sənaye sahəsində Türkiyə ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirlər Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah nümayəndələrinin Gürcüstana rəsmi səfəri zamanı ifadə olunub.
Bu gün Tiflisdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya general-leytenant Atılla Gülənin rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının nümayəndə heyətini qəbul edib. Alasaniya Türkiyənin Gürcüstan Silahlı Qüvvələrinin inkişafına verdiyi töhfəyə və humanitar yardıma görə öz təşəkkürünü bildirib.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlıq və gələcək planlarla bağlı məsələləri müzakirə edib. Danışıqlar zamanı toxunulan mövzulardan biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olub. Alasaniya Gürcüstanın NATO-ya inteqrasiyası, ISAF missiyası, regionda vəziyyət və təhlükəsizlik məsələləri barədə danışıb.