APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, 45 yaşlı Artyom Kozlovdur.
Təyyarə İstanbulun Sabiha Gökçən hava limanına endikdən sonra zərərsizləşdirilən A.Kozlov yüngül xəsarət alıb. O, istintaqa ilkin ifadəsində təyyarə qaçırmaq cəhdini Ukrayna və Rusiyadakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə həyata keçirdiyini bildirib. Bununla belə, o, konkret olaraq hansısa məhbusun adını çəkməyib.
Qeyd edək ki, fevralın 7-də Xarkov-İstanbul aviareysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarənin sərnişinlərdən biri əlində telefon tutaraq yük yerində bomba olduğunu bildirib və təyyarənin XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin keçirildiyi Soçiyə uçmasını tələb edib. Əks halda, təyyarəni partladacağı ilə təhdid edib. Lakin pilot təyyarəni təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirib. Dərhal təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb, yük yerində axtarış aparılıb və təyyarədə bomba olmadığı aydınlaşıb. Bundan sonra pilotla danışıqlar aparılıb və sərnişinlərin buraxılmasına dair razılaşma əldə olunub. Qəfil hərəkətə keçən Türkiyə xüsusi təyinatlıları A.Kozlovu zərərsizləşdirib.
Ukrayna Təhlükəsizlik Xidməti isə təyyarəni qaçırmaq istəyən şəxsin sərxoş olduğunu açıqlayıb. Türkiyədəki rəsmilərlə müzakirələrdən sonra yayılan açıqlamada bildirilib ki, hadisə terrora cəhddən daha ziyadə sərxoş bir sərnişinin özünü idarə edə bilməməsi kimi dəyərləndirilir.