Türkiyədə ötən il dekabrın 17-də keçirilən "rüşvət əməliyyatı"nda adı çəkilən 4 keçmiş nazir haqqında prokurorluq tərəfindən hazırlanan təhqiqat hesabatı Ədliyyə Nazirliyinə təqdim olunub.
Sənəddə keçmiş nazirlər Zəfər Çağlayan, Müəmmər Gülər, Egemen Bağış ve Erdoğan Bayraktar ilə bağlı ciddi ittihamlar var.
APA TV-nin "Cumhuriyet"ə istinadən xəbərinə görə, toplam 27 qovluq və 504 səhifədən ibarət sənəd istintaqı aparan prokurorluq tərəfindən yanvarın 2-də nazirliyə göndərilib. Xəbərdə qeyd olunur ki, Erdoğan Bayraktarla bağlı sənəd digər üç nazirin işindən ayrılıb.
Sənəddə keçmiş nazirlərlə bağlı bu ittihamlar var:
Zəfər Çağlayan ümumilikdə 28 dəfə olmaqla cəmi 52 milyon dollar rüşvət almaq, cinayətkar dəstə yaratmaq və qaçaqmalçılıqda, Müəmmər Gülər 10 milyon dollarlıq rüşvət almaq, cinayətkar dəstə yaratmaq, vəzifəsindən sui-istifadə, Egemen Bağış 1.5 milyon dollar rüşvət almaqda təqsirləndirilir.
Hazırda Ədliyyə Nazirliyi sənədləri araşdırır.
Nazirlikdən sənədlərin geri - prokurorluğa qaytarılması və ya Türkiyə Böyük Millət Məclisinə göndərilməsi gözlənilir.