“Türkiyə çətin günlərdə İranın yanında idi. Biz bunu çox yaxşı bilirik”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İranın Türkiyədəki səfiri Əlirza Biqdeli bildirib.
Onun sözlərinə görə, Türkiyə sanksiyalara baxmayaraq, İranla iqtisadi əməkdaşlığı davam etdirdi: “Hazırda Türkiyədə 2500-dən çox İran şirkəti qeydiyyatdadır. İran iş adamları kiçik şirkətlərin sərmayələrindən qaçmamalıdırlar. İndi bu kiçik sərmayələri necə əldə edə biləcəyimizi düşünməyimiz lazımdır. İki ölkə siyasətçiləri eyni yoldadır. Türkiyənin İranın birinci iqtisadi ortağı olmasına, İranın da Türkiyə ilə ticarətdə dördüncü və ya beşinci sırada olmasına çalışırıq. Bu da iki ölkənin müsəlman xalqının faydasınadır. İranın Türkiyədəki səfirliyi konsulluqlarla birlikdə iki ölkənin ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hər cür yardım göstərməyə hazırdır”.
Ə.Biqdeli deyib ki, ötən həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı iki ölkə arasında güzəştli ticarət razılaşması imzalanıb: “Bu protokol, əlaqələrin inkişaf etdirilməsi məqsədilə iki ölkə iş adamlarına lazımi şərait yaradacaq. Razılaşmanın imzalanması ilə iki ölkənin iş adamları bir-birinin bazarlarını fəth edə bilər. İran hökuməti məmnuniyyətlə bazarlarını Türkiyə iş adamlarına hazırlayacaq. İran və Türkiyənin inkişafı iki ölkənin əməkdaşlığı ilə mümkündür. İranda iqtisadi imkanlar yaranır və Türkiyə iş adamları da İranda xarici investorların öncülü ola bilərlər”.