Bolqarıstanda tanınmış türk siyasətçisi, ölkədə türk icmasının maraqlarını təmsil edən Hüquq və azadlıqlar Hərəkatı Partiyasının lideri Əhməd Doğana qarşı partiyanın qurultayında sui-qəsd törətməyə cəhd göstərilib.
Baş verənlərin hamısı video-lentə alınıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Doğanın çıxışı zamanı əli silahlı naməlum şəxs tribunaya qalxaraq türk siyasətçiyə yaxınlaşıb. O, tapançanı partiya liderinin başına tuşlayaraq, tətiyi çəksə də xoşbəxtlikdən atəş açılmayıb. Mühafizəçilərin cəld reaksiyası ilə o, tərksilah olunaraq, polisə təhvil verilib.
Yerli KİV-in məlumatına görə, saxlanılan 28 yaşlı şəxs Burqas şəhərinin sakinidir, polis ondan izahat alıb.
İlkin məlumatda bildirilib ki, saxlanılan şəxs əvvəllər narkotik maddələrin qanunsuz satışı, oğurluq və soyğuna görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub.
Mənbənin bildirdiyinə əsasən, bu partiya ölkə qanunları çərçivəsində 7 milyonluq Bolqarıstan əhalisinin 12 faizini təşkil edən türklərin maraqlarını təmsil edir.