Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sürücülük vəsiqələrinin və digər dövlət sənədlərinin ünvanına çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, pilotsuz aparatlardan bu yaxınlarda məlum olan layihə çərçivəsində istifadə etmək nəzərdə tutulur. Uçan aparatın təqdim edilən prototipindən BƏƏ-nin böyük əmirliklərindən biri olan Dubay Əmirliyində kuryer funksiyalarının yerinə yetirilməsi üçün sınaq rejimində istifadə ediləcək.
BƏƏ-də təqdim edilən pilotsuz uçan aparat əhəmiyyətli sənədləri daşıması üçün dörd rotorla təchiz edilib və bu məqsədlə onun yuxarı yük bölməsində xüsusi yer ayrılıb. Nümayiş etdirilən aparat nümunəsinin eni 45,7 sm təşkil edir. Aparatın digər texniki xüsusiyyətləri barədə məlumat hələ ki verilmir. Layihə ilə məşğul olan baş mühəndis qeyd edib ki, aparat göz qişasını və barmaq izlərini tanıma sistemi ilə təchiz ediləcək. Seçilmiş mühafizə üsulu aparatın başqa əllərə keçməsi zamanı sənədlər paketindəki mühüm informasiyanı təhlükəsiz edəcək. Pilotsuz uçan aparatın fəaliyyətinin vacib şərtlərindən biri BƏƏ üçün xarakterik olan bərk isti, səhra fırtınaları və digər çətin hava şəraitində işləməsidir.